BAKI, 26 sentyabr. TELEQRAF
Özbəkistanın Xivə şəhərində Özbəkistan və Türkmənistan arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə dair biznes forumu keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Beynəlxalq İnformasiya Mərkəzi məlumat yayıb.
Hər iki ölkənin işgüzar dairələrinin və regionların nümayəndələrini bir araya gətirən forum məhsuldar danışıqlar və bir sıra mühüm müqavilələrin imzalanması üçün platforma yaradıb.
Əsas müzakirə mövzuları ticarət, turzim, investisiya və sənaye sahələrində əməkdaşlıq olub. Tədbirin əsas nəticələrindən biri də iştirakçılar arasında Şavat-Daşoğuz sərhəd ticarət zonasının yaradılmasının ticarətin stimullaşdırılmasında və regionlar arasında əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacağına dair yekdil razılığın əldə olunmasıdır.
Forumun yekununda qarşılıqlı işgüzar missiyanın həyata keçirilməsinə dair razılıq əldə edilib.
Qeyd edilib ki, imzalanmış müqavilələr və memorandumlar Daşkənd və Aşqabadın iqtisadi tərəfdaşlıq əlaqələrini dərinləşdirməyə və regional inteqrasiyanı gücləndirməyə artan sadiqliyinin əyani sübutudur.