BAKI, 23 sentyabr. TELEQRAF

Mərkəzi Asiya ölkələrinin növbəti Parlamentlərarası Forumu Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə sentyabrın 23-də Bişkekdə keçirilən “Mərkəzi Asiya ölkələrinin parlamentləri: Regionun hərtərəfli inkişafı üçün səmərəli həll yolları” mövzusunda Mərkəzi Asiya Dövlətlərinin III Parlamentlərarası Forumunda məlumat verilib.

Tacikistan parlamentinin sədri Rüstəm Emomali Mərkəzi Asiya üçün mühüm əhəmiyyət kəsb edən bu tədbirə sədrlik və ev sahibliyi etməsi münasibətilə Qırğızıstanı təbrik edərək, bugünkü görüşün Türküstan və Xivə forumlarında başlayan ənənəvi, dostluq və regional parlamentlərarası dialoqun davamı olduğunu qeyd edib:

“Bu forumun müntəzəm keçirilməsi regional inteqrasiya dəyərlərinə hörmətimizi, həmçinin Mərkəzi Asiya xalqlarının rifahı naminə etimadı, dialoqu və əməkdaşlığı gücləndirmək istəyimizi nümayiş etdirir. Əminəm ki, parlamentlərarası əməkdaşlıq və parlament diplomatiyası vasitəsilə biz ümumi məqsədlərə nail olmaq üçün əlverişli hüquqi bazanın yaradılmasına mühüm töhfə verəcəyik”.

Rüstəm Emomali həmçinin növbəti forumun Düşənbədə keçirilməsini təklif edib və bu təşəbbüs forum iştirakçıları tərəfindən dəstəklənib.

Qeyd edək ki, bundan əvvəlki forumlar 2023-cü ildə Qazaxıstanda, 2024-cü ildə isə Özbəkistanda keçirilib.