BAKI, 23 sentyabr. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov Nyu-Yorkda Böyük Britaniyanın keçmiş Baş naziri, Qlobal Dəyişiklik İnstitutunun hazırkı icraçı sədri Toni Bleyr ilə görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə Qırğızıstan ilə Qlobal Dəyişiklik İnstitutu arasında qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə olunub.
Prezident Toni Bleyrə Qırğızıstanın perspektivli milli layihələri barədə danışıb.
Bürokratiyanın aradan qaldırılması sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib. Prezident vurğulayıb ki, bürokratiyanın aradan qaldırılması ilə bağlı Qlobal Dəyişiklik İnstitutu tərəfindən irəli sürülən təkliflər nəzərdən keçirilir.
Toni Bleyr dövlət idarəçiliyinin modernləşdirilməsi, iqtisadi inkişaf, rəqəmsal texnologiyalar, təhsil və digər məsələlərdə hökumətlərə məsləhət dəstəyi verən Qlobal Dəyişiklik İnstitutunun fəaliyyətindən danışıb.