BAKI, 23 sentyabr. TELEQRAF

“Qazaxıstan BMT-ni dəstəkləyəcək və ona sülhün möhkəmlənməsinə kömək edəcək”.

Teleqraf xəbər verir ki, bu barədə Nyu-Yorkda BMT Baş katibi Antonio Quterreşlə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyan edib.

Qazaxıstan Prezidenti və BMT Baş katibi BMT Baş Assambleyasının sessiyasının gündəliyini müzakirə ediblər. Kasım-Jomart Tokayev təsdiqləyib ki, Qazaxıstan təşkilatı dəstəkləməyə davam edəcək və onun sülh, sabitlik və davamlı inkişafın möhkəmləndirilməsində mərkəzi rolunu fəal şəkildə təbliğ edəcək.

Görüş zamanı Tokayev və Quterreşin iştirakı ilə BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə Regional Mərkəzinin fəaliyyətinə dair memorandum imzalanıb.

Qazaxıstan prezidenti sentyabrın 21-dən 23-dək Nyu-Yorkda işgüzar səfərdədir. Onun BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxışı nəzərdə tutulub.