BAKI, 22 sentyabr. TELEQRAF
“Əgər Vaşinqton Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya – red.) nüvə silahından imtina etməsində israr etməyi dayandırarsa, ABŞ ilə danışıqlara hazırdır”.
Teleqraf xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib.
Kim ABŞ Prezidenti Donald Trampla bağlı səmimi xatirələrinin olduğunu söyləyərək, sanksiyaların ləğvi naminə nüvə arsenalından heç vaxt imtina etməyəcəyini vurğulayıb.
“Əgər Birləşmiş Ştatlar nüvəsizləşdirmə ilə bağlı absurd iddialarından əl çəksə, reallığı qəbul edərsə və həqiqi dinc yanaşı yaşamaq istəyirsə, ABŞ ilə danışıqlar masasına oturmamağa heç bir səbəbimiz yoxdur”, - ölkə lideri bildirib.
Qeyd edək ki, ABŞ prezidenti yanvarda öz vəzifəsinə başlamasından sonra Kim Çen In ilk dəfədir Donald Trampın adını çəkir.