BAKI, 17 sentyabr. TELEQRAF

Almatı vilayətində bərk məişət tullantıları poliqonunda baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.

Rayon Fövqəladə Hallar Departamentindən verilən məlumata görə, vəziyyət nəzarət altındadır, yaxınlıqdakı yaşayış məntəqələri və sakinlər üçün təhlükə yoxdur.

Eyni zamanda, sakinlərə və rayona gələn qonaqlara aşağıdakı ehtiyat tədbirlərinə əməl etmələri tövsiyə olunur:

pəncərələri və qapıları bağlayın;

mümkünsə açıq havada sərf olunan vaxtı məhdudlaşdırın;

maskaladan istifadə edin;

özünüzü pis hiss edirsinizsə, tibbi yardım axtarın.

Fövqəladə hallarda vahid təcili yardım nömrəsi var - 112.

***

19:05 / 16.09.2025

Qazaxıstanın Almatı vilayətində bərk məişət tullantıları poliqonunda baş vermiş yanğınla əlaqədar texnogen fövqəladə vəziyyətin elan edilməsi planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.

Vilayət rəhbərliyinin müvafiq qərar layihəsi 2025-ci il sentyabrın 17-dək müzakirə üçün dərc edilib. Sənədə əsasən, fövqəladə vəziyyət “Mülki müdafiə haqqında” qanuna və Fövqəladə Hallar Nazirliyinin əmri ilə təsdiq edilmiş fövqəladə halların təsnifatına uyğun olaraq tətbiq edilir.

Qeyd edək ki, vilayətdə zibilxanada baş verən yanğından yayılan tüstü artıq iki gündür Almatı şəhərinə doğru sürüklənir. Şəhər sakinləri yanıq qoxusundan şikayətlənir. Aidiyyəti qurumlar sakinləri sakit olmağa çağırıblar.

Poliqonda baş verən yanğın Almatı şəhərini dünyanın ən çirkli şəhərləri sırasına daxil edib

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin və yerli icra orqanlarının qüvvə və vasitələri işləyir.