BAKI, 13 sentyabr. TELEQRAF
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin ailəsi Koy-Taş kəndindəki evdən məcburi şəkildə çıxarılır.
Teleqraf xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının qızı Aliya Şagiyeva "Instagram" sosial şəbəkəsində bildirib.
"Polis formasında və mülki geyimdə onlarla adam gəldilər, güc tətbiq edərək qapını açdılar. Onlar heç bir sənəd təqdim etmədilər", - o deyib.
Şagiyevanın sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onun köməkçisini vurduqdan sonra polis şöbəsinə aparıblar. Həmçinin Atambayevin partiya yoldaşı Kadır Ermek də saxlanılıb.
Qırğızıstanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Agentliyindən bildirilib ki, respublikanın keçmiş prezidentinin evi dövlət mülkiyyətinə keçir, çünki o, dövlət torpağında tikilib. Agentliyin məlumatına görə, torpaq qanunsuz olaraq Atambayevin mülkiyyətinə rəsmiləşdirilib. Sahədə qocalar evinin tikintisi planlaşdırılır.