BAKI, 11 mart. TELEQRAF

Qırğızıstan və Tacikistan prezidentləri Sadır Japarov və Emoməli Rəhmon Bişkekdə görüş zamanı sərhəd sazişini imzalamaq niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Aparatının xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azimbakiyev məlumat verib.

“Qırğızıstan və Tacikistan prezidentlərinin birgə bəyanatının qəbul edilməsi, iki ölkə arasında dövlət sərhədi haqqında sazişin və digər ikitərəfli sənədlərin imzalanması planlaşdırılır”, - rəsmi bildirib.

Tacikistan prezidenti martın 12-13-də Bişkekdə dövlət səfərində olacaq.

Xatırladaq ki, Qırğızıstan və Tacikistan sərhədin demarkasiyası prosesi çərçivəsində vaxtaşırı münaqişə vəziyyətlərinin yarandığı əraziləri mübadilə edib. Qırğızıstan lideri bundan sonra iki ölkə arasında münaqişə və sərhəd mübahisəsinin bitdiyini açıqlamışdı.