
Keyxanım obrazı ilə məşhurlaşan aktrisa Ülviyyə Əliyeva Azərbaycan Dövlət Musiqili Teatrına yenidən qayıdandan sonra ilk dəfə baş rolda çıxış edəcək.
teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Teleqraf.com- a açıqlamasında bildirib ki, söhbət “Mən dəyərəm min cavana” tamaşasındakı oynadığı Güldəstə obrazından gedir.
Uzun müddət teatrdan aralı düşdüyünü deyən aktrisa isə bu sənət ocağı üçün darıxdığını deyib: “Bildiyiniz kimi uzun müddət teatrdan aralı düşmüşdüm. Hiss edəndə ki, səhnəsiz yaşaya bilmirəm Musiqili Teatrın direktoru Əliqismət Lalayevə teatra qayıtmağımla bağlı müraciət etdim. Sağ olsun ki, Əliqismət müəllim xahişimi qəbul etdi. Mənə qədər “Mən dəyərəm min cavana” tamaşasında Güldəstə obrazını xalq artisti Afaq xanım Bəşirqızı canlandırıb. Afaq xanım mənim müəlliməm olub. Sənətin incəliklərini ondan öyrənmişəm. Həmişə bu obrazı onun ifasında heyranlıqla izləmişdim. Əliqismət müəllim bu rolu mənə təklif edəndə əvvəl çox tərəddüd etdim. Düşündüm ki, Afaq xanımdan sonra bu obrazın öhdəsindən gələ bilərəmmi? Onun oynadığı rolu oynamaq ikiqat məsuliyyətdir. Amma Afaq xanımın xeyir-duasından sonra özümə inamım yarandı. Hələ də həyəcanlıyam. Elə bilirəm ki, ayın 22-i ilk dəfə səhnəyə çıxacağam. Hər şeyə rəğmən çalışacağam ki, həm Afaq xanımın, həm də Əliqismət müəllimin etimadını doğruldam. Bu tamaşada tərəf müqabilim daha bir xalq artisti İlham Namiq Kamaldır. Məni sevən hər kəsi tamaşaya baxmağa dəvət edirəm”.
Qeyd edək ki, F.Sücəddinov və T.Vəliyevanın “Mən dəyərəm min cavana” tamaşası fevral ayının 22-i saat 19.00 -da nümayiş olunacaq.
Nərmin