“Cilddən-cildə girməyi bacarmaq aktyorun ustalığıdır”
Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal üç gün ardıcıl olaraq Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində çıxış edəcək.
Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Teleqraf.com-a açıqlamasında bildirib ki, söhbət həftəsonu – 20, 21, 22 fevral tarixlərində nümayiş olunacaq “Qısqanc ürəklər”, www.ferzeli-kef.com və “Mən dəyərəm min cavana” tamaşalarından gedir: “İlham Namiq Kamal bu tamaşalarda baş qəhrəmanları - Mikayıl, Fərzəli və İbad müəllim obrazlarını canlandırır”.
İlham Namiq Kamal üç gün ard-arda ayrı-ayrı tamaşalarda baş qəhrəmanların rollarını ifa etməyin həm sevindirici, həm də məsuliyyətli iş olduğunu bildirib: “Çünki söhbət müxtəlif xarakterlərdən, fərqli tiplərin obrazlarından gedir. Oynadığı obrazı tamaşaçıya olduğu kimi təqdim etmək və sevdirmək peşəkarlığın nümunəsidir. Cilddən-cildə girməyi bacarmaq aktyorun ustalığının, məharətinin göstəricisidir. Hər zaman olduğu kimi mən yenə də teatrımızın direktoru Əliqismət Lalayevə teatrda yaratdığı yüksək yaradıcı şəraitə görə təşəkkür edir və hamını tamaşalarımıza baxmağa dəvət edirəm”.
Nərmin