
“Dünya sübhdən günbatanadək” layihəsi çərçivəsində hazırlanmış “Bakı sübhdən günbatanadək” tammetrajlı sənədli filminin fevralın 18-də Nizami Kino Mərkəzində təqdimatı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, təqdimat mərasiminə Polşadan layihənin müəllifləri və prodüserləri də dəvət olunublar.
Qeyd edək ki, layihə dünyanın müxtəlif şəhərlərindəki kino məktəblərinin tələbələrinə və gənc rejissorlara silsilə seminarların keçirilməsinə əsaslanır və bir neçə həftəlik kurs müddətində ərsəyə gəlib.
Belə ki, tələbələr müəllimlərin nəzarəti altında qısametrajlı sənədli filmlər kolleksiyası üzərində birgə çalışıblar. Nəticədə şəhərin canlı təsviri kimi 60 dəqiqəlik sənədli film meydana gəlib.