Bu gün Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, əməkdar artist Səməndər Rzayevin xatirə gecəsi keçirilib. Teleqraf.com xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan gecədə nazirliyin nümayəndələri, tanınmış teatr xadimləri, səbəbkarın ailəsi iştirak edib.

Gecəni giriş sözü ilə açan teatrşünas İlham Rəhimli Səməndər Rzayevin həyat və yaradıcılığından danışıb. O bildirib ki, yaradıcılıq fəaliyyətinə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında başlayan Səməndər Rzayev teatrda parlaq rollar ifa edib. Bunların içərisində Hətəmxan ağa ("Müsyö Jordan və dərviş Məstəlişah", M.F.Axundzadə), Vaqif ("Vaqif", S.Vurğun), Valentin, Fazil Küleyni ("İnsan", "Dəli yığıncağı", C.Məmmədquluzadə), Balaxan ("Aydın", C.Cabbarlı), Əmir İnanc ("Qılınc və qələm", M.Ordubadi), SezarRupf ("Böyük Romul", F.Dürrenmatt), Bessemenov ("Meşşanlar", M.Qorki) və başqaları var.

Daha sonra sözü gecənin digər aparıcıları xalq artistləri Ramiz Novruz, Bəsti Cəfərovaya verib. Gecə sənət xadimlərinin xatirələri ilə davam edib, aktyorun oynadığı filmlərdən fraqmentlər nümayiş olunub.
Məlumat üçün bildirək ki, Səməndər Rzayev 1945-ci ildə Bakı şəhərində anadan olub. 1964 -1968-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində təhsil alıb.

Böyük aktyor teatr fəaliyyəti ilə yanaşı, "Evləri köndələn yar" televiziya tamaşasında, "Babamın babasının babası", "Od içində", "Babək", "Bəyin oğurlanması" və başqa bədii filmlərdə çəkilib. Sənətdə qazandığı uğurlara görə S.Rzayev "Əməkdar artist" fəxri adı ilə təltif olunub.

Nərmin