
Voronej Dövlət Opera və Balet Teatrı fevralın 19-da böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun əfsanəvi “Min bir gecə” baletinin 35 illiyini qeyd edəcək. Teleqraf.com xəbər verir ki, baletin Voronej səhnəsində premyerası 1980-ci ilin fevralında olub. 35 il ərzində balet Voronej teatrında 400 dəfədən çox oynanılıb.
Baletin bəstəkarı, SSRİ xalq artisti Fikrət Əmirov müsahibələrindən birində deyib ki, “Min bir gecə“ baleti bir çox mənada Voronej Teatrının təşəbbüsü ilə Azərbaycanın hüdudlarını aşıb.
Bəstəkar və quruluşçu heyət – quruluşçu baletmeyster Nailə Nəzirova, quruluşçu rəssam Toğrul Nərimanbəyov, kostyumlar üzrə rəssam Tahir Tahirov, repetitorlar 1980-ci ildə Bakıdan Voronejə dəvət olunub.
Tamaşa hazırlandığı dövrdə yerli qəzetlər “Tezliklə “Min bir gecə”ni görəcəyik” kimi sərlövhələrlə dolu olub. Baletin premyerası Voronejin mədəni həyatında böyük hadisəyə çevrilib. Tənqidçilər yekdilliklə deyirdilər ki, bəstəkar Fikrət Əmirov musiqi şedevri yaradıb, onun musiqisində heç bir təsadüfi takt yoxdur, onun musiqisinin kiminsə xoşuna gəlib-gəlmədiyini demək olmaz, çünki bu musiqi onu dinləyən hər kəsi məftun edir.
Nərmin