Ötən gün Əməkdar artist Gülşad Baxşıyevanın 70 illik yubileyi qeyd olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Əməkdar artist Elnur Kərimov sosial şəbəkədə hesabında məlumat verib.

Bildirib ki, yubiley gecəsinin keçirilməsi də aktrisa üçün sürpriz olub.

"Bu gün ustad sənətkar Gülşad Baxşıyeva 70 illik yubileyini sürpriz bir gecə olaraq yaşadı. Oğlu Elmir bəy Gülşad xanıma maraqlı sürpriz edərək bir çox tələbələrini dəvət etdi. İnanılmaz xoş hislər yaşandı".

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti, teatr və kino aktrisası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor və aktyor sənəti kafedrasının professoru Gülşad Eynulla qızı Baxşıyeva 12 dekabr 1952-ci ildə Bakı şəhərində anadan olub.

1971-1975-ci illərdə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda professor, SSRİ Xalq artisti Mehdi Məmmədovun rəhbərliyi ilə ali məktəbi bitirdikdən sonra S. Rəhman adına Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərib.

Şəki teatrının yaradıcılarından biri olub. Teatrın repertuarında olan tamaşalarda (1975/1985) aparıcı aktrisa kimi əsas rolları ifa edib.

O zaman SSRİ–də keçirilən ADR, Macar, Bolqar dram sənəti festivallarının iştirakçısı olub. 1981-ci ildə Macar festivalında oynanılan Ş.Petefenin "Pələng və kaftar" tamaşasında Predslava roluna görə "Qadın rolunun ən yaxşı ifaçısı" diplomuna layiq görülüb. 1982-ci ildə Teatrın yaranmasında və inkişafındakı xidmətlərə görə "Əməkdar artist" fəxri adına layiq görülüb. Şəki teatrının açılışından 10 il müddətə qədər fəaliyyətdə olduğum zaman müxtəlif tamaşalarda müxtəlif xarakterli 28 rol oynayıb.

Geniş tamaşaçı kütləsi onu "Bəxt üzüyü" filmindəki Sarası kimi tanıyır. 2006-cı ildə R.Əzizbəylinin "Yalan" filmindəki "Nisə" roluna görə "Ən yaxşı qadın obrazı" nominasiyasında Milli Kinematoqrafçılar İttifaqının "Qızıl çıraq" mükafatına layiq görülüb.

Teatr və kino yaradıcılığı ilə yanaşı, o həm də uzun illərdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor kadrlarının hazırlanması ilə məşğuldur. Onlarla istedadların formalaşmasına böyük diqqət və qayğı göstərib. Tələbələrinin sırasında "xalq və əməkdar artist" fəxri adına layiq görülənlər də var.