Bu gün Akademik Milli Dram Teatrının aktyoru Şahin Cəbrayılovun anım günüdür.
Teleqraf.com xəbər verir ki, bununla bağlı aktyorun oğlu Əməkdar artist Elşən Cəbrayılov paylaşım edib.
“5 sentyabr 2007-ci il. Anım günün. Əziz atam, aktyor Şahin Cəbrayılov. Həmişə qəlbimdəsən”.
Məhz bu tarixi heç vaxt unutmadığını bildirən aktyor atasının 57 yaşında dünyadan köçdüyünə təəssüflənir:
“2007-ci il saat 9.15-də gözlərini əbədi yumdun. Bu tarixdə həmişə kövrək hislərlə səninlə danışıram. Tez xəstələndin. Sənətdən vaxtsız getməyinə baxmayaraq özündən sonra nə qədər filmlər, televiziya tamaşaları qaldı. Fəxr edirəm ki, sənin kimi sənətkarın övladıyam. Unudulmaqdan qorxurdun. Atam, sənətkar, ciddi ailə başçısı...".
Vaxtaşırı atası haqda paylaşımlar edən Elşən Cəbrayılov teatra ilk dəfə üç yaşında atası ilə getdiyini etiraf edib:
“Bilməzdim ki, məni teatra gətirməklə bu sənəti mənə belə sevdirəcəksən. Rahat yat! Biz həyatda əzilmədik. Çalışırıq ki, sənə layiq övlad kimi adını yaşadaq”.
Akademik Milli Dram Teatrında çalışan Şahin Cəbrayılov filmlərdə əsasən epizodik rollarda çəkilib.
"Kökdən düşmüş piano", "Qatarda", "Topal Teymur", "Yol əhvalatı", "Alman klinikasına şəxsi səfər", "Qızıl uçurum", "Özgə ömür" və başqa bir çox kino və teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb.
Ən maraqlı obrazlarından biri "Kökdən düşmüş piano" tamaşasındakı Nərimandır.
Səhhətində yaranan ciddi problemlər üzündən səhnədən uzaqlaşan aktyor beyin iflici diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilsə də sonradan müalicəsini evdə davam etdirib.
Sevilən aktyor 2007-ci il sentyabrın 5-də bu dünyaya gözlərini əbədi yumub.
Qeyd edək ki, aktyorun üç övladı var.