BAKI, 1 oktyabr. TELEQRAF

Bakı Su İdmanı Sarayında üzgüçülük üzrə “İpək Yolu” Dünya Kubokunun təntənəli açılış mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyev, Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm və digər rəsmi şəxslər iştirak ediblər.

Açılışda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın mötəbər beynəlxalq yarışlara ev sahibliyi etdiyini, Prezident İlham Əliyevin idmana diqqət və qayğısı sayəsində ölkədə müasir infrastrukturun formalaşdığını diqqətə çatdırıb. O, ilk dəfə təşkil olunan Dünya Kuboku münasibətilə iştirakçıları təbrik edib.

ASF prezidenti Zaur Əliyev yarışın ölkəmiz üçün tarixi əhəmiyyət daşıdığını və Azərbaycana olan beynəlxalq etimadın göstəricisi olduğunu vurğulayıb.

Beynəlxalq Üzgüçülük Federasiyasının rəhbəri Hüseyn Əl-Müsəlləm isə yarışın yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə, ölkə rəhbərliyinə və təşkilat komitəsinə minnatdarlığını bildirib.

Rəsmi çıxışların ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, tədbir rəngarəng şou proqramla davam edib.

Qeyd edək ki, oktyabrın 1-dən 3-dək keçiriləcək Dünya Kubokunda 44 ölkədən 216 idmançı mübarizə aparır.