BAKI, 17 oktyabr. TELEQRAF
Almaniyanın avtomobil istehsalçısı BMW işçilərin sayını azaltmaq məqsədilə könüllü işdən ayrılan əməkdaşlara 600 min avroyadək təzminat ödənilməsini nəzərdə tutan proqrama başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
Məlumata görə, konsern əsasən Almaniyadakı müəssisələrində 8 minədək iş yerini ixtisar etməyi planlaşdırır.
Şirkət 2026-cı ildə işdənçıxma təzminatları üçün təxminən 1 milyard avro ayırıb. 2027-ci ildə isə bu məqsədlə daha böyük məbləğin ayrılması nəzərdə tutulur.
Təzminatın məbləği əməkdaşların yaşından, iş stajından və əməkhaqqından asılı olaraq müəyyən edilir.
Belə ki, yaşlı əməkdaşlara hər iş ili üçün təxminən 50 min avro təklif oluna bilər. Bəzi işçilər isə ümumilikdə 600 min avroyadək təzminat almaq imkanı əldə ediblər.
Qəzetin yazdığına görə, proqram gözləniləndən daha böyük marağa səbəb olub. Müraciətlərin çoxluğu nəticəsində BMW-nin daxili elektron portalı həddindən artıq yüklənərək fəaliyyətini dayandırıb.
Bundan sonra şirkət müraciətlərin qəbulunu müvəqqəti dayandırmağa məcbur olub.
Proqrama neçə əməkdaşın müraciət etdiyi barədə isə hələlik məlumat açıqlanmayıb.