BAKI, 14 oktyabr. TELEQRAF

Bu gün Bakının mərkəzində QHT-lərin təşkilatçılığı ilə bir qrup azərbaycanlı xanımın milli baş örtüyü - kəlağayı ilə gəzinti-yürüşü keçirilib.

Teleqraf xəbər verir ki, Qız Qalasının qarşısından başlayan yürüş şəhər sakinləri, xüsusi ilə də turistlərdə böyük marağına səbəb olub.

Yürüşə tamaşa edən hindistanlı turist Jugendra Bakıda keçirilən kəlağayı yürüşünün maraqlı mədəniyyət nümunəsi olduğunu bildirib. O, bu cür tədbirlərin müxtəlif ölkələrdən gələn turistlərə Azərbaycanın milli adət-ənənələrini daha yaxından tanımaq imkanı yaratdığını qeyd edib.

Çinli turist Liang Xiaodi kəlağayı yürüşünün onun üçün gözlənilməz və rəngarəng sürpriz olduğunu bildirib.

“İlk gördüyümdə heyran oldum. Ətrafımdakı insanlardan soruşduqdan sonra öyrəndim ki, bu, Azərbaycanın qədim ənənəsidir".

Bakıda doğulduğunu deyən rusiyalı turist Oleq isə Azərbaycanın mədəniyyəti, adət-ənənələri ilə tanışlığından danışıb:

“Mən Azərbaycan və kəlağayı ənənəsini ilə yaxşı tanışam. Belə ki, Bakıda doğulmuşam və ailəmlə birgə bura tez-tez gəlirəm. Ona görə də Azərbaycanın milli adət-ənənələri və mədəniyyəti barədə çox şey bilirik. Kəlağayı da Azərbaycan mədəniyyətinin maraqlı və gözəl nümunələrindən biridir. Belə tədbirləri görmək, milli ənənələrin yaşadılmasının şahidi olmaq xoşdur”.