BAKI, 14 oktyabr. TELEQRAF

"Orta məktəblərdə vahid formaya dair Nazirlər Kabinetinin qərarının icrası, ilk növbədə, tədris prosesində nizam-intizamın və vahid yanaşmanın qorunması baxımından əhəmiyyətlidir. Azərbaycan dünyəvi dövlətdir və dünyəvilik dini azadlıqların məhdudlaşdırılması demək deyil".

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

O qeyd edib ki, baş örtüyündən istifadə ilə bağlı ümumi qadağadan söhbət getmir: "İstər dövlət orqanlarında, istər ayrı-ayrı təşkilatlarda, istərsə də adi həyatda baş örtüyündən istifadə tam sərbəstdir. Əsas məsələ məktəblərdə qüvvədə olan qaydalara əməl olunması, təhsilin dünyəvi xarakterinin və uşaqların hüquqlarının qorunmasıdır. Məktəb dini eksperimentlərin deyil, bilik və sağlam dünyagörüşünün formalaşdığı məkan olmalıdır".

Deputat bildirib ki, milli dəyərlərimizin, ailə institutunun, vətənpərvərlik ruhunun qorunması ideoloji təhlükəsizliyimizin mühüm istiqamətlərindəndir:
"Erkən nikahlar və qız uşaqlarının təhsildən kənarda qalması kimi problemlər göstərir ki, uşaqların gələcəyi hər cür ideoloji yanaşmadan üstün tutulmalıdır. Son günlər baş verən hadisələrin əsas etibarilə kənar təsirlərlə baş verdiyi heç bir şübhə doğurmur. Bu proseslərin kənardan məqsədli şəkildə qızışdırılması faktları diqqətlə araşdırılmalı və qiymətləndirilməlidir".

Vasif Qafarov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının açıqlaması bu məsələlərə milli maraqlar və müstəqil, suveren dövlətçilik prinsipləri baxımından yanaşmağın vacibliyini önə çəkir: "Türkiyədə Azərbaycana qarşı kampaniya xarakterli çıxışlar da faktlar əsasında ciddi qiymətləndirilməli, həm Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinə, həm də iki qardaş ölkə arasındakı strateji münasibətlərə zərər vurmaq cəhdlərinə qarşı prinsipial mövqe nümayiş etdirilməlidir. Bununla yanaşı, milli dəyərlərimizin təbliği gücləndirilməli, kəlağayı kimi mədəni irsimizin nümunələri gənc nəslə daha geniş tanıdılmalıdır. Hesab edirəm ki, əsas məqsəd dünyəvi dövlət prinsipini, milli kimliyi və ictimai həmrəyliyi qorumaq olmalıdır. Daxili işlərimizə xaricdən istənilən müdaxilə cəhdlərinə də ən sərt şəkildə təpki göstərilməlidir".