
BAKI, 22 may. TELEQRAF
Mayın 22-də ABŞ-nin paytaxtı Vaşinqtonda iki israilli diplomatı qətlə yetirən Elias Rodriqesin tərcümeyi-halı məlum olub.
Teleqraf xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.
Elias ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərində anadan olub və burada böyüyüb.
İllinoys Universitetində ingilis dili üzrə bakalavr dərəcəsi alıb.
Rodriqes “The HistoryMakers”də tarix tədqiqatçısı kimi işləyib, Amerikadakı Afrika icmasının görkəmli liderlərini araşdırıb və tərcümeyi-hallarını hazırlayıb.
2023-cü ildə bu mərkəzə qoşulmazdan əvvəl kommersiya və qeyri-kommersiya texnologiya şirkətləri üçün məzmun müəllifi kimi çalışıb.
Məlumata görə, Elias “Sosializm və Azadlıq” Partiyası (PSL) və “Qaraların Həyatı Əhəmiyyətlidir” (BLM) Hərəkatında iştirakı ilə tanınır. 2017-ci ildə Rodriqes o vaxt Çikaqo meri Rahm Emmanuelin evinin qarşısında qaradərili insanların müdafiəsi ilə bağlı keçirilən aksiyada iştirak edib.
“History Makers” internet saytı Rodriqesin roman oxumağı və yazmağı, canlı musiqi dinləməyi və yeni yerləri kəşf etməyi xoşladığını qeyd edərək, onun Çikaqonun Avondal məhəlləsində yaşadığını qeyd edir.
Avondal Çikaqonun şimal-qərb ucqarında yerləşən miqrant və multikultural irsin unikal qarışığı olan bir məhəllədir.
CNN-in məlumatına görə, Elias hazırda Vaşinqton polisi və Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən dindirilir.
***
13:03
İsrailin ABŞ-dəki səfirliyinin terror aktı zamanı öldürülən əməkdaşlarının adları açıqlanıb.
Teleqraf xəbər verir ki, Vaşinqtonda güllənərək qətlə yetirilən diplomatların Yaron Lişinski və nişanlısı Sara Milqrim olduğu bəlli olub.
İsrail KİV mərhum diplomatların fotosunu da yayımlayıb.
***
11:30
İsrail səfirliyinin iki əməkdaşı ABŞ-nin paytaxtı Vaşinqtonda "Yəhudi muzeyi" qarşısında öldürülüb. Şahidlərin dediyinə görə, israilli diplomatlar muzeydə qəzzalılar üçün təşkil edilən xeyriyyə tədbirindən çıxarkən qətlə yetirilib.
Teleqraf xəbər verir, bu barədə BBC məlumat yayıb.
Hücum yerli vaxtla saat 21:05-də (Bakı vaxtı ilə 05:05) baş verib. Polis şübhəlinin 30 yaşlı Elias Rodriqes olduğunu müəyyən edib.
“Sky News”un məlumatına görə, şübhəli polis tərəfindən saxlanılarkən “Müstəqil Fələstin” şüarı səsləndirib.
Vaşinqton polisinin bildirdiyinə görə, şübhəli hüquq mühafizə orqanlarına tanış şəxs deyil. Yəni dosyesində cinayət əməlləri yoxdur.
Polis atışmadan əvvəl potensial terror təhlükəsi və ya nifrət cinayəti ilə bağlı hər hansı kəşfiyyat məlumatı almadıqlarını bildirib. Məlumatda deyilir ki, şübhəli şəxs qətldən əvvəl muzey ətrafında gəzərkən nəzərə çarpıb, insidentdən dərhal sonra isə muzeyin təhlükəsizlik işçiləri tərəfindən saxlanılıb.
Sara Marino adlı hal şahidi CNN-ə deyib ki, şübhəli saxlanıldıqdan sonra bunu Qəzza üçün etdiyini qışqırıb. “Mən bunu Qəzza üçün etmişəm” deyərək, cinayətə görə məsuliyyəti öz üzərinə götürən Rodriqes aktı törətdikdən sonra 10 dəqiqədən çox polisin gəlməsini gözləyib.
Sara baş verənlər haqda söyləyib:
“Atəş səsləri eşitdik, ardınca bir kişi muzeyə doğru qaçdı, mühafizəçilər onu sakitləşdirmək üçün su təklif etdilər. Onun davranışı qəribə və qeyri-sabit idi, ona görə də onun atəş açan şəxs olduğunu düşündülər.
Həmin şəxs mühafizəçilərdən polisə zəng etmələrini istəyib və onlar təxminən 10 dəqiqə sonra gələndə kişi “Mən bunu Qəzza üçün etmişəm” deyərək, hadisənin məsuliyyətini boynuna alıb.
Qətlə yetirilən səfirlik əməkdaşlarını adları açıqlanmasa da, İsrailin ABŞ səfiri Leyter onların evlənməyə hazırlaşdıqları barədə məlumat verib.