BAKI, 14 may. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın administrasiyası son vaxtlar Ukraynadakı müharibə ilə bağlı mövqeyini tədricən dəyişir.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Nəşr yazır ki, Amerika rəsmiləri sülhdən yayınan Rusiya lideri Vladimir Putinə qarşı getdikcə daha səbirsiz görünürlər, çünki sülhə ən böyük maneənin Ukrayna Prezidenti Volodimir Zelenski yox, onun olduğunu düşünməyə başlayıblar.

Almaniyanın ABŞ-dəki keçmiş səfiri Volfqanq İşinqer deyir:

“Amerikalıların sadə bir fikri vardı: gəlin Rusiyaya təsir göstərək, Zelenskiyə təzyiq edək və razılaşaq. Məlum oldu ki, Rusiyaya təsir etmək kifayət deyil”.

Trampın ən çox arzuladığı məqsəd - sülh danışıqları və müharibənin dayandırılmasına səbəb ola biləcək atəşkəs hələ də onun üçün mümkün deyil, çünki Putin sərt sanksiyalara baxmayaraq, atəşkəs çağırışlarını rədd edib. Analitiklərin fikrincə, Rusiyanın bu aşkar oyunu Trampı qıcıqlandırır.

ABŞ-nin Rusiyadakı keçmiş səfiri Maykl Makfol Trampın Putindən məyus olduğunu bildirir:

“Trampın mesajlarında məyusluq hiss olunur. Ola bilsin, o, çox şeydən imtina etdiyini və əvəzində heç nə almadığını başa düşür”.