BAKI, 15 aprel. TELEQRAF

Ümid Partiyasının sədri İqbal Ağazadə Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- İqbal bəy, Ermənistanda yayda keçirilməsi nəzərdə tutulan parlament seçkilərində daha çox kənar qüvvələrin təsir imkanları gündəmə gətirilir. Gözləntilər nədən ibarətdir? Rusiya və Qərbin bu məsələdə əsas rolu necə ola bilər?

- Əgər, Ermənistanda bu ilin iyununda keçiriləcək seçkilərə müdaxilə olmayacaqsa, Nikol Paşinyanın (Ermənistanın hazırkı baş naziri) prosesdən qalib çıxması şəksizdir. Amma dünyada bu gün o qədər qeyri-hüquqi addımlar atılır ki, bunun fonunda Rusiyanın da hər hansı bir müdaxilə etməyəcəyini demək çox çətindir. Kreml də Ermənistandakı seçkilərlə bağlı hansısa addım ata bilər, hətta terror aktının icrası Paşinyanın oğurlanması da istisna olunmur. Rusiyanın maraqları təmin olunmasa, bunlar olacaq. Hər halda dünya məhz bu mərhələdədir. Bu halda region üçün yeni bir mərhələ başlaya bilər. Əgər, bütün bunların əksinə olaraq normal seçki keçirilsə, Paşinyanın alternativi yoxdur.

- Paşinyanın bu yaxınlarda Moskvaya səfəri ilə bağlı da fərqli yanaşmalar sərgilənir. Rusiya Prezidenti Vladimir Putinin Ermənistandakı seçkilərlə bağlı birbaşa verdiyi mesajlar nədən ibarət idi?

- Sözsüz ki, seçki öncəsi Paşinyanın verdiyi mesajlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Onun Moskvaya səfəri zamanı sərgilədyi mövqe bu qəbildən idi. Hətta bu, onun Rusiya Prezidenti Vladimir Putin üzərində qalib gəldiyi görüntüsünü yaradan mesajlardır. Demokratiya, Azərbaycan-Ermənistan məsələsi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi Birliyi, Avropa İttifaqı ilə bağlı verdiyi mesajlar Paşinyanın erməni cəmiyyəti çərçivəsində mövqelərini daha da möhkəmləndirdi.

- ABŞ və İsrail İrana hücumların dayandırılması ilə bağlı iki həftəlik razılığın ardınca tərəflər arasında şərtlərlə bağlı qarşılıqlı ittihamlar səslənir. Bu ziddiyyətlər yenidən eskalasiyaya səbəb ola bilərmi?

- İndiki halda heç bir şey istisna deyil. Yenidən hərbi əməliyyatlar başlaya və danışıqlar da davam edə bilər.

- Bir aydan artıq davam edən müharibənin nəticəsi necə olacaq?

- İran ABŞ-nin dediyi ilə razılaşıb neft satışı və əlaqələr üzərində hökmranlığını Vaşinqtonla bölüşəcək. Amerika Venesuela nefti kimi İran nefti üzərində üstünlük əldə edəcək. Bundan sonra proseslər fərqli məcrada inkişaf edəcək.

- Tehran Ağ Evin şərtləri ilə razılaşmasa nələr baş verə bilər?

- Bu ehtimal çox azdır. Sadəcə, İranın daha çox istəyi var deyə danışıqlar bir az uzanır. Amma İran razılaşmasa, bu ölkədə proseslər rejim dəyişikliyinə qədər gedə bilər. Hətta daxildə insanları hərəkətə gətirmək kimi metodlardan istifadə olunacağı ehtimalı var. Danışıqlardan İran nə qədər şərtlər irəli sürsə belə, yekunda ABŞ ilə razılaşmalı olacaq.

- İranda artıq mövcud rejimin dəyişdiyini, hərbi üsul-idarəetmənin hakim olduğu iddia edilir…

- İranda hakimiyyətdə həmişə hərbi xunta olub. İslam İnqilabının mahiyyəti BƏSİC və SEPAH-la idarə edilib. Ali dini şura və onun rəhbəri olmasına baxmayaraq, onlar də hərbi rejimin adamları olublar. Ona görə də İranda hakimiyyətin mülki şəxslərin əlində olduğunu demək çox çətindir. Sadəcə olaraq, ölkədə hərbi rejimə ali dini şura rəhbərlik edib. Bundan sonra isə hərbi rejim ali dini şuranı da əvəz edə bilər.