BAKI, 16 aprel. TELEQRAF

Aprelin 16-sı saat 6:00-a olan məlumata əsasən ölkə ərazisində saat 00:00 radələrindən başlayan yağış, hazırda güclü leysan yağışına keçib və bəzi ərazilərdə şimşək çaxır.

Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qobustan avtomat meteoroloji stansiyasının məlumatına əsasən Qobustan ərazisində saat 00:10-dan başlayaraq güclü yağış yağır. Düşən yağıntının miqdarı 33 mm olub ki, bu da aylıq normanın 66%-ni təşkil edir və təhlükəli hidrometeoroloji hadisə hesab olunur.

Dağlıq ərazilərdə - Daşkəsən, Qrız (Quba), Xınalıq, Gədəbəydə qar yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan leysan yağış yağır.
Yaxın saatlarda prosesin gedişatı ilə bağlı yenilənmiş məlumat təqdim olunacaq.