BAKI, 14 avqust. TELEQRAF

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi İranın Hörmüz boğazında ADNOC şirkətinə məxsus iki neft tankerinə hücumunu sərt şəkildə pisləyib.

Teleqraf xəbər verir ki, hücum nəticəsində xəsarət alan olmayıb.

Nazirlik qeyd edib ki, neft tankerlərinə hücum naviqasiya azadlığı və ticarət gəmilərinin hədəfə alınmasından, beynəlxalq dəniz yollarında hərəkətin pozulmasından çəkinməyi vurğulayan BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinin açıq şəkildə pozulmasıdır.

BƏƏ ticarət gəmilərinin hədəfə alınmasını və Hörmüz boğazından təzyiq və iqtisadi şantaj vasitəsi kimi istifadə edilməsini “İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən dəniz quldurluğuna cəhd” adlandıraraq, bunun regionun sabitliyinə, onun əhalisinə və qlobal enerji təhlükəsizliyinə birbaşa təhdid olduğunu vurğulayıb.

BƏƏ Xarici İşlər Nazirliyi İranı hücumları dayandırmağa, düşmənçilik xarakterli fəaliyyətlərin tam şəkildə dayandırılmasına sadiq qalmağa və Hörmüz boğazını tam və qeyd-şərtsiz açmağa çağırıb.