BAKI, 24 iyul. TELEQRAF
ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına dəstək verən və ya zərbə endirilməsinə şərait yaradan istənilən ölkə İran ordusunun qanuni hədəfinə çevriləcək.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Abbas Əraqçi Çolpon-Atada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iclasında bəyan edib.
Diplomat dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qorumaqda qərarlı olduqlarını vurğulayıb. A. Əraqçi qeyd edib ki, ölkəsinə qarşı hücumlara kömək edən tərəflər beynəlxalq səviyyədə cavabdehlik daşıyacaqlar.
O, Tehranın özünü müdafiə etmək üçün bütün lazımi addımları atmaq hüququna malik olduğunu diqqətə çatdırıb.
Çıxışının sonunda Abbas Əraqçi ŞƏT-ə üzv dövlətləri birliyə çağırıb:
"Güc və ikili standartların ədaləti əvəz etməsinə yol vermək olmaz. Təhlükəsiz və sabit gələcək yalnız qanunların işlədiyi, dövlətlərin suverenliyinə hörmət edildiyi halda mümkündür".