BAKI, 19 iyun. TELEQRAF

Türkiyə müdafiə naziri Yaşar Gülər ölkəsinin Hörmüz boğazında minatəmizləmə missiyası həyata keçirməyə hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə danışıb.

“Bölgədəki hadisələr təkcə regional deyil, həm də qlobal təhlükəsizliyə birbaşa təsir göstərir. Türkiyə ABŞ və İran arasında əldə edilən atəşkəs razılaşmasını alqışlayır. Lazım gələrsə, Hörmüz boğazının minalardan təmizlənməsinə dəstək verməyə hazırıq”, - Yaşar Gülər qeyd edib.

Müdafiə naziri əlavə edib ki, Türkiyə regional və qlobal təhlükəsizliyə töhfə verən ölkə olaraq, beynəlxalq hüquq çərçivəsində dəniz və naviqasiya təhlükəsizliklərinin təmin edilməsinə yönəlmiş təşəbbüslərə lazımi dəstəyi verməyə hazırdır.

Gülər vurğulayıb ki, Türkiyə NATO-nun cənub cinahında yerləşməsi sayəsində regional təhdidləri birbaşa həll edən aparıcı müttəfiqdir və artan gücü ilə alyansa əhəmiyyətli töhfələr verir: “Hazırkı vəziyyət cənub cinahının təkcə periferik yox, həm də mərkəzi təhlükəsizlik problemi olduğunu göstərir”.