BAKI, 19 mart. TELEQRAF

“Livan hökuməti ölkəni İranın təsirindən azad etmək iqtidarındadır".

Teleqraf xəbər verir ki, bunu Livan xarici işlər naziri Yusif Raci deyib.

Nazir bu anı “həlledici” adlandıraraq bildirib ki, Tehranın hədəf aldığı ölkələr təhlükəsizlik və suverenliklərini qorumaq üçün cəsarətli və məsuliyyətli mövqe tutmalıdır.

Racinin sözlərinə görə, son hücumların ən təhlükəli tərəfi onların İranla gərginliyi azaltmaq siyasəti yürüdən ölkələrə qarşı həyata keçirilməsidir.

Livan xarici işlər naziri “Hizbullah” terror təşkilatının roluna toxunaraq söyləyib ki, onun İsrailə raket atmaq avantürizmi İsrailin Livana qarşı daha genişmiqyaslı hücumlarına, bu da yüzlərlə insanın ölümü, minlərlə insanın yaralanması və bir milyondan çox livanlının didərgin düşməsinə səbəb olub.

Yusif Raci Livan hökumətinin bir sıra qərarlar qəbul etdiyini və onları həyata keçirdiyini və geri çəkilməyəcəyini vurğulayıb.

“Livan hökuməti beynəlxalq həmrəylik və Prezident Cozef Aunun münaqişəyə son qoymaq və davamlı həll yollarına nail olmaq məqsədilə İsraillə birbaşa danışıqlar aparmaq təşəbbüsünə dəstək verir”, - xarici işlər naziri əlavə edib.