BAKI, 18 mart. TELEQRAF
Böyük Britaniya Kralı III Çarlzın 2026-cı ildə ABŞ-a planlaşdırılan səfəri Prezident Donald Trampın Baş nazir Kir Starmerin siyasəti və Londonun İrandakı hərbi əməliyyata dəstək verməməsi ilə bağlı kəskin açıqlamaları səbəbindən təxirə salına bilər.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
ABŞ liderinin krallığa yönəlik sərt tənqidlərini nəzərə alaraq, britaniyalı parlamentarilər arasında kralın Amerikaya səfərinin məqsədəuyğunluğu ilə bağlı şübhələr artır. Parlamentin İcmalar Palatasının Xarici İşlər Komitəsinin sədri Emili Tornberri bildirib ki, kral çətin vəziyyətdə qala bilər və səfərin məqsədəuyğunluğu diqqətlə qiymətləndirilməlidir. Onun fikrincə, səfəri təxirə salmaq daha təhlükəsiz olardı.
Donald Trampın proqnozlaşdırılması çətin davranışları Britaniya hökumətinin kralın dövlət səfəri ilə bağlı tövsiyəsinə təsir edə bilər. Saray bir tərəfdən monarxın Ağ Evin rəhbərinin Britaniyaya qarşı tənqidlərinin şahidi olmasını istəmir, digər yandan isə səfərin ləğv edilməsinin ABŞ prezidentini qəzəbləndirə biləcəyindən ehtiyat edir.
Britaniya Baş naziri Administrasiyasının rəsmi nümayəndəsinin sözlərinə görə, III Çarlzın səfəri baş tutmalıdır. Amma o, kral ailəsinin gələcək tədbirlərini müzakirə etməkdən imtina edib və səfərin detallarının hələ təsdiqlənmədiyini vurğulayıb.