BAKI, 18 mart. TELEQRAF
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ və İsrailin İrana qarşı müharibəsinin genişlənməsi ehtimalı fonunda nüvə fəlakətinə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə ÜST-ün Şərqi Aralıq dənizi regionu üzrə rəsmi nümayəndəsi Xanan Bəlxi “Politico”ya deyib.
O bildirib ki, təşkilat nüvə silahından istifadə və ya nüvə obyektlərinə hücum ssenarisini nəzərdən keçirir.
“Ən pis ssenari nüvə fəlakətidir, bu, bizi ən çox narahat edir. Nə qədər hazırlıq görsək də, belə bir hadisə baş verərsə, bölgə və ya bütün dünyaya dəyə biləcək ziyanın qarşısını almaq mümkün deyil və onun təsiri onilliklər boyu hiss olunacaq”, - Bəlxi vurğulayıb.
Təşkilatın nümayəndəsinin sözlərinə görə, ÜST belə bir hadisəyə hazır olsa da, onun baş verməyəcəyinə ümid edir.
Bəlxi əlavə edib ki, hazırda Yaxın Şərqdə radioaktiv çirklənmə əlamətləri qeydə alınmayıb:
“Amma radiasiya səviyyəsinin artması ağciyər və dəridə ani ciddi zədələr, həmçinin xərçəng və psixi sağlamlıq problemləri riskinin yüksəlməsinə səbəb ola bilər. Düşünürəm ki, əvvəlki nüvə fəlakətləri tarixinə baxanlar vəziyyətin nə ilə nəticələnəcəyini yaxşı başa düşürlər”.
O həmçinin bildirib ki, ÜST əməkdaşları üçün nüvə fəlakətinə hazırlıq üzrə təkrar təlimlər keçirilir.