BAKI, 13 mart. TELEQRAF
Türkiyə Müdafiə Nazirliyi Adana şəhərində tapılan raket qəlpələri ilə bağlı hələlik açıqlama verməyib.
Teleqraf xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
“Türkiyə Müdafiə Nazirliyinin rəsmi açıqlamasını gözləyirik. Sosial mediada raketin hissələrinin yanaraq yerə düşməsi ilə bağlı görüntülər var. Bunlar Adana sakinləri tərəfindən çəkilib.
Bu, müharibə başlayandan bəri İran tərəfindən atılan üçüncü raketdir. Əvvəlki iki raket Şərqi Aralıq dənizində yerləşdirilən NATO müdafiə sistemləri tərəfindən məhv edilib. Qalıqlar Türkiyə ərazisinə düşüb”, - kanalın Türkiyə müxbiri bildirib.
Xatırladaq ki, bundan əvvəl Adana ətrafında yerləşən İncirlik hərbi hava bazasında həyəcan siqnalı verilməsi barədə məlumat yayılıb. ABŞ qoşunlarının yerləşdiyi NATO aviabazasında sirenlər təxminən beş dəqiqə ərzində saat 3:25 radələrində səslənib.
Məlum olub ki, hava həyəcanı NATO-nun hava hücumundan müdafiə sistemləri İran tərəfindən buraxılan iki ballistik raketi uğurla məhv etdikdən sonra elan edilib.
NATO-nun hava hücumundan müdafiə sistemlərinin Türkiyə hava məkanında İrandan atılan ballistik raketi vurmasından dörd gün sonra baş verən hadisə ilə bağlı rəsmi şərh verilməyib. Bu, ABŞ və İsrailin fevralın 28-də İranda hərbi əməliyyata başlayandan bəri üçüncü belə haldır.