BAKI, 4 mart. TELEQRAF

Türkiyə Milli Müdafiə Nazirliyi İran tərəfindən atılan və ölkənin hava məkanına yönələn ballistik raketin NATO tərəfindən məhv edildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin martın 4-də yaydığı rəsmi bəyanatda bildirilib.

Məlumata görə, İran tərəfindən atılan, İraq və Suriyanın hava məkanını keçərək Türkiyəyə yönələn ballistik sursat müəyyən edilib. Bu, Şərqi Aralıq dənizində yerləşən NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən vaxtında aşkarlanaraq məhv edilib.

Milli Müdafiə Nazirliyi sursatın qalıqlarının Hatay vilayətinin Dörtyol rayonuna düşməsinə də toxunub. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, həmin hissələr havada məhv edilən ballistik raketə deyil, zərərsizləşdirmə prosesini həyata keçirən hava hücumundan müdafiə raketinə məxsusdur. Hadisə zamanı itki və ya yaralanma qeydə alınmayıb.

Bəyanatda rəsmi Ankaranın regional sabitliyin tərəfdarı olduğu vurğulanıb:

“Ölkəmiz və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək iradəmiz və imkanlarımız ən yüksək səviyyədədir. Türkiyə kimdən və haradan gəlməsindən asılı olmayaraq, öz torpaqlarını qorumağa qadir dövlətdir”.

Türkiyə tərəfləri münaqişənin bölgədə daha da yayılmasına səbəb olacaq addımlardan çəkinməyə çağırıb.

Bildirilib ki, Türkiyənin hava məkanının müdafiəsi üçün istənilən addım qətiyyətlə atılacaq və istənilən düşməncə mövqeyə cavab vermə hüququ saxlanılır. Bu istiqamətdə NATO və digər müttəfiqlərlə sıx məsləhətləşmələrin davam etdiyi diqqətə çatdırılıb.