BAKI, 2 mart. TELEQRAF

“Al Manar” TV Livan “Hizbullah”a istinadla bildirib ki, hərəkat İranın Ali rəhbəri Əli Xameneinin qisasını almaq üçün İsrailə hücuma keçib.

İsrail ordusu da rəsmi açıqlamasında buna cavab olaraq Livan boyunca “Hizbullah”la bağlı hədəflərə hücumlar başlatdığını açıqlayıb.

Almaniya xarici işlər naziri Yohann Vadeful baş verənlər fonunda bəyan edib ki, Avropa İttifaqı Yaxın Şərqdəki müharibənin daha uzun müddət davam etməsi ehtimalına hazırlaşır.

***

10:46

ABŞ-nin Küveytdəki səfirliyi hava hücumu təhlükəsi səbəbindən insanları diplomatik nümayəndəliyə baş çəkməməyə çağırıb:

“Küveytə raket və pilotsuz təyyarə hücumları təhlükəsi qalmaqdadır. Səfirliyə gəlməyin. Binaların ən aşağı mərtəbəsinə, pəncərələrdən uzağa sığının”.

***

10:42

İran KİV-in məlumatına görə, İran Bəhreyndə limana zərbə endirib.

Həmin liman vasitəsilə İranda bombardman hazırlığı üçün ABŞ-nin logistika avadanlıqlarını daşıdığı iddia edilib.

***

10:37

Ərbil (İraq) hava limanı yaxınlığında partlayış səsləri eşidilib.

Teleqraf xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Qeyd edilib ki, ABŞ qüvvələrinin yerləşdiyi limanı üzərində üç dron vurulub.

Partlayışların İranın ABŞ-nin bölgəki hərbi bazalarına hava zərbələri ilə əlaqəli olduğu bildirilib.

***

10:30

ABŞ Dövlət Departamenti İsrailin hücumları fonunda Amerika vətəndaşlarını dərhal Livanı tərk etməyə çağırıb.

***

10:21

İran Hərbi Hava Qüvvələri ABŞ-nin Bəhreyndə yerləşən 5-ci Donanmasının qərargahına hücum edib.

Küveytə hücum zamanı isə ABŞ səfirliyinin hədəfə alındığı bildirilir.

***

10:16

KUNA-nın məlumatına görə, İranın vurulan raket və dronlarının qalıqları Küveytin Əhmədi limanındakı neft emalı zavodunun ərazisinə düşüb.

Nəticədə iki işçi yüngül xəsarət alıb. Hadisə zavodun fəaliyyətinə təsir etməyib və zavod normal fəaliyyətini davam etdirir.

Həmçinin, İsrail ordusu Livanda “Hizbullah” terror təşkilatına qarşı hücuma başlayıb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bildirib.

***

10:00

“Fars” xəbər agentliyinin məlumatına görə, İran Yaxın Şərqdəki ABŞ hərbi bazalarına raket və dronlarla yeni hücum dalğasına başlayıb.

Hücum zamanı Bəhreyn, Küveyt, Əbu-Dabi və Dubay (BƏƏ), Qətərdə isə Doha şəhəri vurulub.

***

09:52

İsrail hərbi qüvvələri İrandan ölkənin cənubuna yeni raket atışı aşkar edib.

İsrail ordusunun mətbuat xidməti bildirib ki, bu, İranın yarım saat ərzində ikinci raket xəbərdarlığıdır.

***

09:33

İran Hərbi Hava Qüvvələri İsrailə yeni hava zərbələri endirib.

Hava hücumu ilə əlaqədar ölkənin Şefelada, Şaron, Yerusəlim (Qüds) və digər yaşayış məntəqələrinə həyəcan siqnalı verilib.

İran həmçinin Bəhreynə də hava zərbələri endirib. Bəhreyn hava hücumundan müdafiə sistemləri Manama səmasında bir neçə raket və dronu zərərsizləşdirib.

ABŞ hərbi bazasının yerləşdiyi Manamanın ətrafındakı Əl-Cufairdə partlayış baş verdiyi bildirilib.

***

09:28

İran Hərbi Hava Qüvvələrinin raket zərbələrindən sonra Dubayda (BƏƏ) partlayışlar baş verib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Qətərin paytaxtı Dohada bir neçə istiqamətdə partlayışlar baş verib.

***

09:23

İsrail Müdafiə Qüvvələri Livana qarşı genişmiqyaslı hücuma başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

İsrail ordusunun hədəflərinə Livanın bir sıra bölgələrində “Hizbullah”a məxsus obyektlər, o cümlədən silah anbarları və digər hərbi infrastrukturlar daxildir.

Hücumun İranda ABŞ ilə birgə aparılan hərbi əməliyyatlara paralel olaraq başladığı bildirilib.