BAKI, 7 yanvar. TELEQRAF

Yəmənin Prezident Rəhbərlik Şurası ölkənin cənub-şərqində fəaliyyət göstərən “Cənub Keçid Şurası”nın (CKŞ) sədri Aydarus əl-Zübeydinin şuradakı üzvlüyündən məhrum edilməsi və dövlətə xəyanət ittihamları ilə bağlı işinin Baş prokurora göndərilməsi barədə qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Yəmən Prezident Administrasiyası məlumat yayıb.

“Aydarus bin Qasım əl-Zübeydi cənub əyalətlərindən mülki əhaliyə qarşı cinayətlər törətmək üçün istifadə edib, Yəmən Respublikasının siyasi-iqtisadi vəziyyətinə zərər vurub, Konstitusiya və Konstitusiya quruluşuna qəsd edib, dövlətin çevriliş və üsyana qarşı mübarizə səylərinə mane olub və daxili nifaq salıb”, - məlumatda deyilir.

Qeyd edək ki, CKŞ BƏƏ tərəfindən dəstəklənir. Səudiyyə Ərəbistanı isə onun bölgədəki varlığını qəbul etmir.

“Reuters” bundan əvvəl xəbər vermişdi ki, əl-Zübaydi Yəmənin cənubundakı münaqişənin həllini müzakirə etmək üçün keçirilən forumda iştirak etmək üçün Ər-Riyada getməsi planlaşdırılan reysə gəlməyib. BƏƏ tərəfindən dəstəklənən separatçı hərəkatın liderinin harada olduğu məlum deyil.