BAKI, 17 oktyabr. TELEQRAF

Livan məhkəməsi Liviyanın mərhum lideri Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafinin 11 milyon dollar girov müqabilində on illik həbsdən sonra azadlığa buraxılmasına qərar verib.

Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Məlumata görə, livanlı din adamı Musa əs-Sədrin oğurlanması və yoxa çıxmasını araşdıran məhkəmə Hannibal Qəddafinin 11 milyon dollar girov müqabilində azadlığa buraxılmasına razılaşıb. Amma ona ölkədən kənara çıxmaq qadağası qoyulub.

Öz növbəsində Hannibal Qəddafinin vəkili bildirib ki, müdafiə tərəfi 11 milyon dollarlıq girovla bağlı apelyasiya şikayəti verəcək. Fransız vəkil Loren Bayon qeyd edib: “Belə bir əsassız ittihamla şərti zaminə buraxılma qəbuledilməzdir. Girovla bağlı şikayət edəcəyik”.

Vəkil müvəkkilinin beynəlxalq sanksiyalara məruz qaldığını və bu məbləği təmin edə bilməyəcəyini açıqlayıb.

Hannibal Qəddafinin azadlığa buraxılması barədə qərar bu gün istintaq tərəfindən dindirildikdən sonra verilib. Hannibal Qəddafi ona qarşı heç bir rəsmi ittiham irəli sürülmədən on ildir Livan həbsxanalarında saxlanılır.

Qeyd edək ki, Musa əs-Sədr 1928-ci ildə anadan olmuş Livanlı din xadimi və siyasi lider olub. 1970-ci illərdə Livanda aktiv siyasi rol oynayıb və Liviyaya səfəri zamanı yoxa çıxıb.