BAKI, 16 oktyabr. TELEQRAF

Suriyadakı Rusiya hərbi bazalarının taleyi Rusiya Prezidenti Vladimir Putinlə Suriya Prezidenti Əhməd Şara arasında son danışıqların gündəmində olub.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Hərbi bazalara gəlincə, bu mövzu gündəmdə idi. Sizə demək istədiyim bu qədərdir”, - Peskov jurnalistlərə bildirib.

Suriya hakimiyyətinin ölkənin cənub bölgələrində Rusiya patrullarının bərpasında maraqlı olması ilə bağlı mediada yayılan xəbərləri şərh edən Kremlin sözçüsü belə informasiyalarla tanış olmadığını qeyd edib: “Belə bir məlumat eşitməmişəm. Xeyr, belə bir şey olmayıb. Bu məlumatın haradan gəldiyini bilmirəm”.

Xatırladaq ki, Putin və Şaraa dünən Kremldə danışıqlar aparıb. Bu, Suriyanın yeni liderinin Kreml sahibi ilə ilk görüşü olub.

Ötən ilin dekabrında Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Rusiya Suriyadakı hərbi bazalarını saxlamağa çalışır. Əhməd Şaraanın rəhbərlik etdiyi administrasiyanın bunda o qədər də maraqlı olmadığı və ya məsələnin müəyyən şərtlərə bağlı olması barədə fikirlər var. Məsələn, Suriyanın devrilmiş lideri Bəşər Əsədin Dəməşqə təhvil verilməsi və sair kimi.