BAKI, 6 oktyabr. TELEQRAF
Politoloq Sədrəddin Soltan İranda baş verən son hadisələrlə bağlı Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- İranda hicab qanununun ləğv edildiyi, artıq bundan sonra hicabsızlığa görə polis təqibi, həbs və cəzanın olmayacağı iddia edilir. Məlumata görə, belə bir açıqlamanı İran Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər verib. Bu məlumat nə qədər doğrudur, İranda hicab qanunu bir qərarla ləğv edə bilərmi?
- 2022-ci ilin sentyabrında Məhsa Əmininin ölümündən sonra İranda hicaba qarşı etiraz aksiyası başladı. Aksiya “Qadın azadlığı”, “Ədalət” şüarları ilə iki ilə yaxın davam etdi. Tehran hakimiyyəti müəyyən mənada bu etirazlardan həm qorxdu, həm də hicab məsələsinin həllinin, yəni hicabın sərbəstləşdirilməsinin vaxtının çatdığını düşündü. Bu səbəbdən bir sıra polis qurumlarının təqiblərinə baxmayaraq, cəmiyyətdə tədricən hicabsızlaşma başladı. Sonra çıxışlarında Xamenei polislərə tapşırıq verdi ki, çox təzyiq eləməsinlər. Müxtəlif din xadimləri bəyan elədi ki, hicab başörtüyü ilə olmur və sair.

2024-cü ildə prezident seçkisindən sonra İranda hicabın sərtləşdirilməsi ilə bağlı “Hicab və iffət” adlı qanun qəbul olundu. Bu qanun ali rəhbərin (Əli Xamenei) yanındakı Nəzarət Şurası tərəfindən təsdiqləndi. Nəzarət Şurasının təsdiqlədiyi qanunlar qüvvəyə minir. Amma ötən ilin payızında Prezident Məsud Pezeşkian bu qanunun icrasının məqsədəuyğun olmadığını diqqətə çatdıraraq dayandırdı. Yəni bir ilə yaxındır İranda “Hicab və iffət” qanunu icra olunmur. Amma ayrı-ayrı məmurlar bununla bağlı aksiyalar keçirirlər, insanlara əziyyət verirlər və sair.
Bahonər də bu günlərdə deyib ki, bundan sonra o qanunun həyata keçirilməsini vacib hesab etmir. Çünki qanun bir ildir icra olunmur. Prezident də qanuna əlavə etmək istəsəydi belə, Nəzarət Şurası onu təsdiqləyəndən 6 ay sonra ora əlavə və dəyişikliklər edə bilərdi. Prezident də qanuna əlavələr etməyib və qanunun icra olunması ilə bağlı da onun uyğun sərəncamı yoxdur. Demək, qanun müvəqqəti olsa da dondurulub. Yəni qanun ləğv edilməyib. Qanunun ləğv edilməsi ilə bağlı müvafiq qurumlar – parlament, Nəzarət Şurası qərar verməlidir. Bu yoxdur. Ona görə də, bu qanunu dondurulmuş saymaq olar.
- Bəs, qanun niyə dondurulub?
- Bunun bir sıra səbəbləri var. Ən əsas səbəbi odur ki, Tehran hakimiyyəti 12 günlük müharibədən sonra ağrımayan başına dəsmal bağlamaq istəmir. Çünki qanunu tətbiq eləmək, icraya yönəltmək və onun icrasına yenidən nəzarət eləmək, yaxud cəmiyyətə təzyiq etmək əlavə problemlər yarada bilər. Tehran hakimiyyəti də bunu istəmədiyi üçün məsələni kənara qoyur, qanunu dondurulmuş vəziyyətdə saxlayır. Əlbəttə, uyğun şərait yaranarsa, yenidən bunu bərpa edə bilər. Bu, cəmiyyət üçün bir təzyiq aləti olaraq dondurulmuş vəziyyətdə saxlanılır.

Bütövlükdə, İran cəmiyyəti Tehran hakimiyyətinin hikkəsinə əsaslanan hicab qanunundan çıxır. Cəmiyyət buna itaətsizliyi ilə nail olub. Yəni cəmiyyət bunu qəbul etmədi, etiraz etdi və itaətsizlik göstərdi. Cəmiyyət də saçı görünən, örtüksüz gəzən qadınlara adət eləməyə başladı. İran cəmiyyəti üçün qadınların azad, sərbəst geyinməsi adi hala çevrilir. İranda bəziləri deyirdilər ki, belə olsa, qorxunc vəziyyət yaranacaq və sair. Amma cəmiyyət yavaş-yavaş buna alışır və qorxunc psixoloji problemə çevrilmir.
- İran Prezidenti Məsud Pezeşkian da bu günlərdə hicabla bağlı açıqlama verib. O söyləyib ki, hicab məcburi olmamalıdır. Pezeşkian prezidentliyə namizəd və deputat olarkən də hicabla bağlı islahatyönümlü mesajlar vermişdi. Hicabla yanaşı, onun digər vədləri də vardı. Bəs Prezident Pezeşkian islahatçı ola bildimi, qarşıdakı dövrdə verdiyi vədləri hansı şəkildə yerinə yetirəcək?
- Hesab edirəm ki, rejimin tətbiq etdiyi hicab məcburi şəkildə cəmiyyətə sırınmış bir elementdir. 1979-cu ildə baş vermiş inqilabdan sonra Tehran hakimiyyəti bunu qadınlara tətbiq etmək üçün 6 aydan 1 ilədək vaxt sərf edib. Bu zaman çoxlu sayda qadın həbs olundu, öldürüldü, işgənclərə məruz qaldı, amma İran cəmiyyəti bunu qəbul etmədi. İnqilabdan sonra dünyaya gələn nəsil də bu məcburiyyətləri, həyatlarına sərt müdaxilələri qəbul etmirlər. Hələ Məhsa Əmini aksiyalarından əvvəl də sosial şəbəkələrdə yayılan məlumat və videolar da göstərirdi ki, cəmiyyət sərbəstlik istəyir.
Məsud Pezeşkian da artıq bir iş görmədi, o, sadəcə cəmiyyətdə olan bu istəyi qarşıladı. Pezeşkian seçki kampaniyasında bu məsələni o insanların səslərini qazanmaq üçün məsələni öz platformasına daxil etdi. Elan elədi ki, bu, məcburi deyil. Prezident seçilikdən sonra da geyim qaydaları ilə bağlı açıqlama verdi, bunu sərtləşdirməyə yönəlik mesaj kimi də sayırlar, amma bütün hallarda islahatçı sayıldığından Məsud Pezeşkian hicabda da islahat tərəfdarı oldu.

Hicab Tehran hakimiyyətinin dini-ideoloji atributlarından biridir. Hicabın yumşaldılması və ya götürülməsi, hətta hicab qanununun dondurulmuş vəziyyətdə saxlanılması belə, Tehran rejiminin cəmiyyətə “xoşməramlı ismarış”ı da sayıla bilər. Amma bu, Məsud Pezeşkianın istəyi, yaxud Əli Xameneinin cəmiyyətə sevgisi yox, cəmiyyətin itaətsizlik göstərməklə əldə etdiyi uğurudur. Yəni nə Pezeşkian, nə də Xamenei könüllü olaraq islahata gedib, islahatı cəmiyyətin özü əldə etdi.
Cəmiyyət 2022-24-cü illərdə (2025-ci ilin əvvəlinədək) Tehran rejiminin tətbiq etdiyi hicab qaydalarına (İslam dininin hicab qaydalarına yox) etiraz etdi, qurbanlar verdi. İran cəmiyyəti bunun sayəsində bu uğuru əldə etdi. Pezeşkian və Xamenei də cəmiyyətin təkidli tələbini yerinə yetirməklə xal qazanmağa çalışır.
- Sadaladığınız amilləri nəzərə aldıqda, sizcə, qarşıdakı dövrdə İranda nə gözlənilir?
- İran islah olunmalıdır. Hicab məsələsi bu islaholunmalardan biridir. İranda Konstitusiya dəyişməlidir, hakimiyyət qüvvələri və ya dövlət qurumları arasında hakimiyyət bölgüsü sərhədi müəyyən olunmalıdır. Prezident rejimin sözçü olmaqdan çıxıb ali icra aparatının rəhbəri olduğunu təsdiqləməlidir. Çünki İranda prezidentlə yanaşı, parlament və Dini Ekspertlər Şurası ümumxalq səsverməsi ilə seçilir. İran Konstitusiyasına görə, prezident ölkənin ikinci rəhbəridir. İndiki şəraitdə isə prezident yalnız hakimiyyətin sözçüsü və müəyyən icra orqanlarının başçılarını təyin edən bir orqan rəhbəri kimidir. İndiyədək İranda prezidentin öz vəzifə səlahiyyətlərinə uyğun azadlığı yoxdur. Prezident mütləq atdığı addım və səsləndirdiyi bəyanata görə ali rəhbərin qarşısında hesabat verməlidir.
Ali rəhbəri (Əli Xamenei) isə ümumxalq səsverməsi yolu ilə seçilmir. O, ümumxalq səsverməsi ilə seçilən Dini Ekspertlər Şurası tərəfindən seçilir. Bu, ümumxalq səsverməsi deyil. Həmin qurumun üzvləri Xameneinin öz adamlarıdır. Ümumxalq səsverməsi ilə seçilən prezidentin – ölkənin faktiki ikinci rəhbərinin səlahiyyətləri isə Konstitusiya üzrə ciddi məhdudiyyətlərlə müşahidə olunmur. Parlament də oyuncaq qurumdur və sair.

Bütün bunlara görə, ilk növbədə, İranda islahatlar aparılmalıdır, xüsusən də Konstitusiya dəyişdirilməlidir. İranda iddiaları və hikkəli proqramlardan, xüsusən də nüvə layihələrindən əl çəkilməli, Qərb və region ölkələri ilə münasibətlər normallaşdırılmalıdır. Həmçinin Tehran hakimiyyətinin qonşu, o cümlədən müsəlman ölkələrinin daxili işlərinə qarışmaması günün vacib məsələlərindən biridir. İranın iqtisadi islahatlara və xarici investisiyalara ehtiyacının olduğu bir vaxtda Tehranın iddialı və hikkəli proqramlar irəli sürməsi onun üçün ciddi problemlərin yaranacağından xəbər verir.
Son dövrdə baş verən hadisələr onu göstərir ki, Tehran hakimiyyəti cəmiyyət və dövlətin fundamental problemlərini həll etməkdən daha çox özünün iqtidarda qalmasının qayğısına qalır. Bütün məsələlər və tələblər Tehran hakimiyyətinin qarşısına qoyulan suallardır, bunlar həlli vacib problemlərdir. Tehran hakimiyyəti isə hamısına “yox” deməklə, bunlardan yayınmağa çalışır. “Avropa üçlüyü” (Fransa, Böyük Britaniya, Almaniya) və ABŞ-nin şərtlərinə əməl etməyəcəyi halda, Tehran hakimiyyətini çox ciddi fəsadlar gözləyə bilər. Çünki nə Rusiya, nə də Çindən ona istədiyi kömək olacaq.