BAKI, 1 iyun. TELEQRAF

“Türkiyə NATO-nu cilovlamaq və yeni müharibənin qarşısını almaq üçün Rusiya, Çin və İranla ittifaq qurmalıdır”.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin müxalif “Vətən” partiyasının sədri Doğu Perinçek deyib.

“Sağlam düşüncə Türkiyəyə Rusiya, Çin və İranla ittifaqa ehtiyac duyduğunu göstərir. Müharibəyə hazırlıq gedir. Türkiyənin müdafiə sənayesində əhəmiyyətli dəyişikliklər baş verir. Daxili inteqrasiya prosesindən keçirik. ABŞ, İsrail, Yunanıstan, Fransa və hətta Hindistan Aralıq dənizinə burunlarını soxur”, - o bildirib.

Perinçekin sözlərinə görə, Şərqi Aralıq dənizindən Egey dənizinə, Kiprdən Trakyaya qədər hər yerdə ABŞ, İsrail və Yunanıstandan Türkiyəyə silahlar tuşlanıb:

“Qarşı tərəfdə nüvə silahlarına, böyük donanmalara və güclü iqtisadiyyatlara malik ABŞ və İsrail dayanıb. Türkiyə belə bir müharibənin qarşısını almaq üçün həll yolu tapmalıdır. Bu həll yolu Aralıq dənizində ABŞ dəniz qüvvələrini tarazlaşdıra biləcək bir ittifaqın qurulmasıdır. Buna Rusiya, Çin və İranın köməyi ilə nail olmaq mümkündür”.

Siyasətçi vurğulayıb ki, ABŞ, İsrail və Yunanıstan artıq birləşib, donanmalarını aktivləşdirib və qüvvələrini Egey adalarında yerləşdirib: “NATO 2025-ci ilin may ayında sərhədimiz yaxınlığında çay keçidi təlimləri keçirib. Şərqi Aralıq dənizində Türkiyəyə siqnal göndərən təlimlər keçirilir. Bu, qisas ssenarisidir”.