
BAKI, 18 mart. TELEQRAF
"Söz verdiyimiz kimi, İsrail Müdafiə Qüvvələri HƏMAS-ı məhv etmək, bütün girovları geri qaytarmaq və Qəzza zolağının İsrail vətəndaşları üçün yaratdığı təhlükəni aradan qaldırmaq məqsədi ilə Qəzzaya güclü hücumla hərəkətə keçib".
Teleqraf xəbər verir ki, bunu İsrailin maliyyə naziri Bezalel Smotriç deyib.
Nazir İsrailin Qəzzada hava hücumlarının bərpasının planlaşdırılmış və mərhələli bir proses olduğunu bildirib: “Bu dəfə indiyə qədər edilənlərdən tamamilə fərqli olacaq”.
Smotriç bu yaxınlarda and içmiş İsrail Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi Eyal Zamir, müdafiə naziri İsrael Katz və Baş nazir Benyamin Netanyahunu təbrik edərək söyləyib: “Biz hamımız qələbəyə qədər güc, inam və qətiyyətlə yenidən səfərbər olmalıyıq”.
Nazir əlavə edib ki, İsrail qarşıya qoyulan tapşırığı yerinə yetirmək və HƏMAS-ı məhv etmək üçün həmişəkindən daha qətiyyətlidir.
Xatırladaq ki, İsrail gecə saatlarında Qəzzada hava əməliyyatlarını yenidən bərpa edib. Qəzzanın səhiyyə qurumu hücumlar zamanı 300-dən çox insanın öldüyünü açıqlayıb. İsrail mülki insanları hədəfə almadığını bəyan edib.