BAKI, 17 mart. TELEQRAF

İranla müharibə ABŞ-nin maraqlarına uyğun deyil, amma İsrail bunu istəyir.

Teleqraf xəbər verir ki, bunu amerikalı analitik, Kolumbiya Universitetinin professoru Cefri Saks deyib.

“Görünür, Tramp Rusiya, Çin və İranla müharibədən qaçmaq istəyir. Amma bu da həqiqətdir ki, İsrail Baş naziri Benyamin Netanyahu onilliklərdir ABŞ-nin İranla müharibəsini istəyir və yeni administrasiyanı buna sövq edir”, - analitik bildirib.

Saks qeyd edib ki, buna baxmayaraq, ABŞ-nin İsrailin istəklərinə uyğun addımlar atıb-atmayacağı bəlli deyil.

“Netanyahunun nə istədiyini bilirəm - daha böyük müharibə istəyir”, - ekspert əlavə edib.

Xatırladaq ki, Tramp dəfələrlə Tehranın nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlməyəcəyi təqdirdə İranı hərbi güc tətbiq edəcəyi ilə hədələyib. ABŞ prezidenti İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini bəyan edərək, Tehrana qarşı maksimum təzyiq siyasətinə qayıtmaq barədə fərman imzalayıb. Tramp bu mövqeyini ötən günlərdə İranın ali rəhbəri Əli Xameneyiyə göndərdiyi məktubunda da çatdırıb.