Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5-ci polis bölməsinin rəisi Anar Şıxaliyeva qarşı cinayət törədən şəxslər - Anar Əliyev, Ceyhun Niftəliyev, Nurlan Həsənov və Ələkbər Qəhrəmanovun məhkəməsi keçirilib.

Teleqraf.com xəbər verir ki, hadisə ötən il iyunun 20-ə keçən gecə “Xutor” qəsəbəsində qeydə alınıb. Polis rəisi dostuna məxsus “Mercedes Galеnvagen” markalı avtomobili idarə edərkən naməlum şəxslər “Niva” və “Opel” markalı avtomobillərlə arxadan və qabaqdan onun yolunu kəsiblər.

Təxminən 10 nəfərə yaxın adam avtomobillərdən düşərək əllərindəki taxta dəyənəklərlə “Mercedes Galеnvagen”in bütün şüşələrinin sındırıblar. Buna etiraz edən Şıxəliyev isə bıcaqlanıb. Ona sağ qolundan və kürək nahiyəsindən bıçaqla 3 xəsarət yetirilib.

Anar Şıxəliyev Daxili İşlər Nazirliyinin (DİN) hospitalına yerləşdirilib. Xəsarətlərin daxilə nüfuz etmədiyi bildirilir. İlkin məlumata görə, rəisin dostu iki həftə öncə adı istintaqa hələlik bəlli olmayan şəxslərlə dalaşıb. Həmən şəxslər onu təqib etdiyindən Anar Şıxəliyev dostuna avtomobilini onun rəis olduğu 5-ci polis bölməsinə yaxın yerdə saxlamağı məsləhət görüb. Toplanmış materiallar Mütəşşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə göndərilib.

Aparılan araşdırmalar zamanı hadisənin Xəyal Qəhrəmanov, Ələkbər Qəhrəmanov, Anar Əliyev, Ceyhun Niftəliyev, Nurlan Həsənov adlı şəxslər tərəfindən törədildiyi məlum olub. Şübhəli şəxslər bir neçə ay gizlənərək istintaqdan yayına biliblər. Onlardan Xəyal Qəhrəmanovun cinayət işi ayrıca icraata götürülüb.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində polis rəisi Anar Şıxaliyev ifadə verib. O, təqsirləndirilən şəxslərin heç birini tanımadığını bildirib: “Dostum Ələddinin “Mercedes Galenvagen” markalı avtomobili məndə idi. Ayna Sultanova tərəfə gedirdim. Getdiyim yerdə bir “Niva” və birə “Opel” markalı avtomobil qarşımı kəsdi. Maşına hücum etdilər. Beysbol çubuqları ilə maşına vurmağa başladılar. Şoka düşmüşdüm. Şüşələri qırdılar. İki nəfər mənə 3 bıçaq xəsarəti yetirdi. Sonra hadisə yerindən qaçdılar. Bıçaq zərbələri qoluma, kürəyimə dəymişdi. Sonradan araşdırdım, bu şəxslər məni kiminləsə səhv salıb, bu əməli ediblər”.

Digər zərərçəkən Ələddin Qədirov təqsirləndirilən şəxslərdən heç birini tanımadığını bildirib. Ələddin Qədirov avtomobilə 400-500 manat dəyərində ziyan dəydiyini bildirib: “Dəymiş ziyan ödənilib. Qardaşım maşını təmir etdirib. Heç bir şikayətim və tələbim yoxdur”.

Daha sonra ifadə verən Ələkbər Qəhrəmanov özünü təqsirli bilib.

Məhkəmə prosesi noyabrın 4-də davam edəcək.

Hacı Zeynalov