BAKI, 27 dekabr. TELEQRAF

Beyləqan rayonunda 31 yaşlı oğlan yetkinlik yaşına çatmayan qızla ailə qurumaqda və intim münasibətdə olmaqda ittiham edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Beyləqan rayon sakini 1994-cü il təvəllüdlü Arif 12 yanvar 2024-cü il tarixdən 2024-cü ilin iyul ayının ortalarınadək qardaşı Elmarın Beyləqan rayonunun kəndində yerləşən evində 15 yaşlı Xanım (adlar şərti verilib – red) ilə münasibətdə olub.

Arifin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Arif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, ifadəsində göstərib ki, Xanımı qohumları vasitəsi ilə 2023-cü ilin may ayında tanıyıb, ailə qurmaq istəyib: “Bu məqsədlə yaşadığı ünvana gedib söhbət etmişəm. Xanım da məni bəyənərək, ailə qurmağa razı olduğunu bildirdi. Ailələrimizlə birlikdə bir-birimizin evinə gedib-gəlməyə başladıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 10 iyun 2023-cü ildə qohumlarının iştirakı ilə Xanımın yaşadığı Ağcabədi rayonunun kəndində nişan mərasimi keçirilib: “Xanımın 18 yaşı tamam olduqdan sonra nikaha daxil olmağı planlaşdırdıq. 2024-cü il yanvarın 12-də Xanım mənim qardaşımın yaşadığı evə gəldi. O, evdən qaçdığını, geri qayıtmaq istəmədiyini dedi. Mənə qardaşım mobil telefonla məlumat verdi. Mən də evə gedərək Xanımla danışdım. Razılaşdıq ki, Xanım qardaşımın evində qalsın. Mən də öz evimizə getdim.

Bundan sonra biz Xanımın atasına mobil telefonla qızının bizdə olduğunu dedik və bir ailə kimi yaşamağa başladıq. Özüm tez-tez qardaşımın evinə gedərək Xanımla görüşürdüm”.

Arifin ifadəsinə görə, belə günlərin birində, yəni yanvarın 19-da Xanımla evdə tək qalıblar: “Qarşılıqlı razılıq əsasında təbii yolla cinsi əlaqədə olduq. 2024-cü ilin iyul ayının ortalarınadək eyni qaydada, yəni təbii yolla dəfələrlə o evdə cinsi əlaqədə olduq.

Daha sonra Xanım hamilə qaldı, avqust ayında Beyləqan rayon mərkəzi xəstəxanasına müraciət etdik. 2025-ci ilin fevral ayından mən kirayə ev tutaraq Xanımla birlikdə ayrı yaşamağa başladım. Ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq etməmişəm. Bizim bir qız övladımız doğulub.

2025-ci ilin martın 29-da polis şöbəsinə dəvət edildikdən sonra Xanımın 16 yaşına çatmadığı üçün cinsi əlaqədə olduğuma görə cinayət məsuliyyəti daşımağım izah edildi. Uşaq dünyaya gəldikdən sonra Xanımla cinsi əlaqədə olmamışam”.

İş üzrə zərərçəkmiş Xanımın sözlərinə görə, Arif onun faktiki əridir və 12 yanvar 2024-cü ildə qeyri-rəsmi formada ailə qurublar: “Mən Arifi 2023-cü ilin may ayında tanımışam. Biz bir-birimizlə uzaq qohum düşürük. Həmin vaxtlarda Arifin ailəsi bizə qonaq gəldi və aramızda danışaraq evlənməyə razı olduq”.

Xanım qeyd edib ki, 2023-cü ilin iyunun 10-da nişan mərasimi keçirilib: “18 yaşım tamam olduqdan sonra isə toy etməyi planlaşdırdıq. Atam anamla mənim dörd yaşım olan zaman, yəni 2013-cü ildə boşanıblar. Bundan sonra məni atam saxlayırdı. Mən anasız böyüdüyümə görə çox əziyyət çəkmişəm. Yaşadıqlarımdan bezdiyim üçün 2024-cü ilin yanvarın 12-də evdən çıxdım. Kənd ərazisində tanımadığım bir taksiyə əyləşərək, Arifin qardaşının evinə getdim”.

Xanımın ifadəsinə görə, 2024-cü ilin yanvarın 19-da Arif onun yanına gəlib və evdə heç kim olmayıb: “Saat 22 radələrində qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olduq. Bu minvalla 2024-cü ilin iyul ayının ortalarınadək eyni qaydada münasibətdə olduq. Arif mənə qarşı heç bir zorakılıq etməyib”.

Beyləqan Rayon Məhkəməsinin hökmü ilə Arif 6 ay müddətə azadlıqdan məhrum edilib.

Barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbsə alınıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilərək onun şərti məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.