Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən 1992-ci təvəllüdlü Valeh Xalıqovun cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Ittihama görə, bu ilin mayın 16-da Valeh Xalıqov Maştağa qəsəbəsi Nizami Gəncəvi küçəsində qonşusu 39 yaşlı Adil Heydərovu bıçaqlayaraq öldürüb. Qətli törətməkdə şübhəli bilinən 22 yaşlı Valeh Xalıqovu Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməliyatçıları isti izlərlə yaxalayıb.
Istintaq zamanı cinayətin təfərrüatları məlum olub. Valeh Xaliqovla Adil Heydərov əvvəllər birlikdə istixanada tərəvəz becəriblər. Sonradan sözləri düz gəlməyib və ayrılıblar. Şəriklər ayrıldıqdan sonra Adil Heydərov Valeh Xaliqovun arxasınca danışıb. Hətta dəfələrlə onu təhqir edib. Sonuncu dəfə mərhum Valeh Xaliqovun yaşadığı evə gələrək onu nalayiq sözlərlə təhqir edib. Bu zaman əsəbilərini cilovlaya bilməyən Valeh evdən bıçağı götürərək Adilin arxasınca qaçıb. Adili öz evində tuta bilən Valeh ona nə az nə çox- təxminən 17 bıçaq xəsarəti yetirib.
Valeh Xalıqov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham edilir.
Məhkəmədə ifadə verən Valeh Xalıqov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, mərhumla qonşu olduqlarını və 6 ildir bir yerdə işlədiklərini deyib: “Ortaq olaraq mal-qaramız vardı. Son zamanlar aramızda xoşa gəlməz hallar baş verirdi. Bir-birimizə sözümüz çəp gəlirdi. Tələf olan heyvanlarda və yaxud hər hansı bir hadisə baş verən zaman Adil məni günahkar bilirdi. Cinayəti törətdiyim gün gecə saat 00.10-da Adil bizə gəldi. Həmin vaxt onunla yenə də mübahisə etdim. Onunla mübahisəmiz əlbəyaxa davaya keçdi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt Adil ona ana-bacı söyüşü edib. Bundan əsəbləşdiyini deyən təqsirləndirilən şəxs bıçağa əl atdığını bildirib. O, ifadəsində həmçinin əməlindən peşman olduğunu bildirib. Zərərçəkmiş Adil Heydərovun həyat yoldaşı Lalə Heydərova bildirib ki, ərinin Valeh tərəfindən öldürülməsinin şahidi olub.
Məhkəmə iclası oktyabrın 22-də davam etdiriləcək.
Hacı Zeynalov