Teleqraf.com xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Azər Babayev zərərçəkmiş Şahin Əliyevin epizodu üzrə ifadə verib.

O, bu epizod üzrə özünü qismən təqsirli bilib. Azər Babayevin sözlərinə görə, Şahin Əliyev üçün Asif Əsgərov vasitəsilə 008 sonluqlu maşın nömrəsi alıb: “Şahin 8500 dollar verdi. Ödəniş olandan sonra Asifə nə qədər zəng etdim, telefonu açmadı. Nömrəni onun salonundan götürəcəkdim. Nömrəni almaq iş baş tutmadı. Bunun əvəzində Şahinə maşın təklif etdik. Asif salondan “BMW X5” gətirdi. Razılaşdıq ki, Şahin 10 min dollar da verəcək. Asif pulu Şahindən əlbəəl aldı. Asif dedi ki, maşının 3 min dollar krediti var. Onu mən ödəyəcəkdim. Amma alınmadı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, notariusda maşını addan ada keçirəndə kreditin 20 min dollar olduğu məlum olub: “Şahin istəmədi, maşın mənim üstümdə qaldı. Əvəzində Şahinə 25 min manatlıq torpaq verdim. Mən istintaqda fərqli ifadə vermişəm, müstəntiq başqa şey yazıb. Şahin Əliyevə ümumi 27990 dollar ziyan dəyib”.
Zərərçəkən Şahin Əliyev Azər Babayevin hər şeyi düzgün danışdığını bildirib: “Maşını mənə verəndə Asifin dəfələrlə bankda kredit borcu qalıb-qalmadığını soruşdum, Şahinin mənə borclu olduğunu dedim. Asif krediti olmadığını söylədi. Sonra sənədləri mənə verəndə içində bank arayışı gördüm. Azərdən soruşdum, maşının banka borcu olmadığını dedi. Təkrar Asiflə danışandan sonra dedi ki, 3 min borcu varmış. Mən şəxsi əlaqələrimlə bankdan maraqlamdım. Bankdan dedilər ki, 20 min dollar borcu var, alındığı gündən də ödəniş edilmədiyi üçün üzərinə həbs qoyulub”.

Zərərçəkmişin ifadəsinə görə, sonradan Azər Babayevlə danışıb: “Azər dedi ki, Asif Moskvaya qaçıb, maşını da satmaq üçün məndən aldı. Sonra dedi ki, banka maşını onun əlindən alıb. Mən pulumu tələb etdim. Bundan sonra Azər mənimlə düşmən kimi davranmağa başladı. Kriminal aləmdən olan adamları üstümə gətirdi. Mən heç kimdən qorxmuram. Azər qaçıb aradan çıxdı. Buna görə də şikayət etdim”.

Şahin Əliyev bildirib ki, Azərlə Asifə ümumilikdə 38 min 800 dollar verib.

Digər zərərçəkmiş Emin Güləliyev maşın almaq istəyib. Onun sözlərinə görə, bununla bağlı Azər Babayevi tapıb: “Azər mənə 1-2 maşın göstərdi. Bir maşını almağa razılaşdım, Azər zəng etdi. Bir az sonra Ceyhun da maşını gətirdi. Notariusda ilkin ödəniş kimi 5220 manat Azərə verdim. Əlavə 100 manat aldı. Notariusda yoxladıq, maşın təmiz çıxdı.

Mənə dedilər, maşının bankda 12 min manat borcu qalıb. Onu aybaay ödəyəcəkdim. Maşını alaraq sürməyə başladım. Bir müddət sonra Yasamalda polis maşını saxladı və üzərinə həbs qoyulduğunu, 30 min manat banka borcu olduğunu dedi”.

Növbəti proses iyunun 22-də davam edəcək.

Azər Babayev və Ceyhun Mirzəyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham edilirlər.

İttihama görə, təqsirləndirilən şəxslər avtomobil alqı-satqısı ilə məşğul olublar. Onlar 10-dan çox vətəndaşı aldadaraq külli miqdarda pullarını ələ keçiriblər.

Azər Babayev barəsində həbs-qətimkan tədbiri seçilib, Ceyhun Mirzəyev isə polisin nəzarətinə verilməklə iltizam tədbiri seçilib.