Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, bu gün günün birinci yarısında Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Qədim Ədilovun epizodu üzrə şahidlər ifadə verib. Məlumat üçün bildirək ki, Qədim Ədilov ifadəsində Akif Çovdarov tərəfindən döyüldüyünü deyib. Şahid qismində ifadə verən Natiq Hümbətov bildirib ki, Qədim Ədilovu tanıyır: "Qədim Ədilovun mənə və digər bir neçə şəxsə borcu olub. Qədim Ədilov borcları verməmək üçün hər kəsi aldadıb".

Natiq Hümbətov bildirib ki, Qədim Ədilovun dələduzluq əməlləri barəsində hüquq-mühafizə orqanlarına şikayət ediblər: "Qədim Ədilovun mənə 360 min manat borcu olub".

Bu epizod üzrə daha bir neçə şahid də ifadə verib. Həmin şahidlər MTN əməkdaşları olub. Onlar istintaqa verdikləri ifadələrini təsdiqləyiblər. Proses aprelin 26-da davam edəcək. Hacı Zeynalov