BAKI, 7 sentyabr. TELEQRAF
“Hidrogenlə bağlı yeni strategiyanın qəbul edilməsi münasibətilə Azərbaycanı təbrik edirəm. Düşünürəm ki, bu, çox mühüm irəliləyişdir. Son illərdə biz bu istiqamətdə UNIDO ilə əməkdaşlıq çərçivəsində də müzakirələr aparmışıq”.
Teleqraf xəbər verir ki, BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) İqlim və Texnologiya Tərəfdaşlıqları bölməsinin rəhbəri Petra Schwager deyib.
O qeyd edib ki, aşağı emissiyalı hidrogen məsələsinə gəldikdə, UNIDO beş il əvvəl sənayedə hidrogenlə bağlı bu proqramı başladıb:
“Proqramın əsas məqsədi ölkələri mövcud sənayenin karbonsuzlaşdırılması ilə yanaşı, öz ölkələrində yeni sənaye inkişafının təşviq edilməsinə yönəltmək olub.
Biz bir neçə əsas element müəyyən etmişik: siyasət, maliyyə, sertifikatlaşdırma – bunlar son dərəcə vacibdir.
Bu istiqamətlərin hər biri üzrə hidrogen sahəsində bizimlə əməkdaşlıq edən ölkələrlə birlikdə işçi qrupları yaratmışıq. Hazırda bir sıra ölkələr bizimlə çox fəal və sıx əməkdaşlıq edir. Çinlə də yaxın əməkdaşlıq çərçivəsində ölkələrin bu mövzular üzrə fikir mübadiləsi aparmasına və bir-birindən öyrənməsinə şərait yaratmağa çalışırıq. Hidrogen enerji daşıyıcısıdır və onun istehsalı üçün yeni bərpa olunan enerji mənbələrinin yaradılması lazımdır”.