BAKI, 14 avqust. TELEQRAF

"Son vaxtlar Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan müdafiə müqaviləsi Pakistanın Cənubi Asiyada təhlükəsizlik və sabitliyin əsas təminatçısı olduğunu bir daha sübut edir".

Teleqraf xəbər verir ki, bu sözləri Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin ölkəsinin Müstəqillik Gününə həsr olunmuş tədbirdə jurnalistlərə açıqlamasında deyib.

Səfir hazırda regionda yaşanan gərginliklər fonunda Pakistanın mühüm rol oynamağa davam etdiyini diqqətə çatdırıb: "Biz İranla birlikdə mövcud problemlərin hələ də sülh yolu ilə həlli variantlarının tapılmasına çalışırıq", - deyə diplomat vurğulayıb.

Qasım Mohiuddin ölkəsinin son iqtisadi göstəricilərinə də toxunaraq, müsbət dinamikanın müşahidə olunduğunu bildirib:

"Son statistik rəqəmlər iqtisadiyyatımızın böyüdüyünü nümayiş etdirir. Valyuta ehtiyatlarımız artır, sənayemiz inkişaf edir, fond birjamız isə tarixi rekordları qırır. Qaid-i Əzamın (red: Məhəmməd Əli Cinnah) bizə miras qoyduğu birlik, inam və nizam-intizam prinsiplərinə sadiq qalaraq bu yolla davam etsək, iqtisadi sabitliyimizi qoruyub inkişafı sürətləndirəcəyik. Bizi çox parlaq bir gələcək gözləyir".