BAKI, 3 iyul. TELEQRAF

Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos Türkiyə, Azərbaycan və Ermənistana səfərinin ardından Cənubi Qafqazda kommunikasiya layihələrinin yeni mərhələyə keçdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Marta Kos sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, Türkiyə, Azərbaycan və Ermənistana səfəri zamanı kommunikasiya layihələrinin növbəti mərhələsinə keçidlə bağlı mühüm addımlar atılıb:

"Bu təşəbbüslər Cənubi Qafqazda davamlı sülhün möhkəmlənməsinə, eyni zamanda Avropa ilə Asiya arasında ticarət və enerji marşrutlarının şaxələndirilməsinə töhfə verə bilər".

M.Kos vurğulayıb ki, Aİ üçün genişlənmə və kommunikasiya bir-birini tamamlayan proseslərdir və hər iki istiqamət Avropanın sabitliyi, rifahı və təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.