BAKI, 7 aprel. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri ölkələrimiz arasındakı strateji tərəfdaşlıq prizmasından müstəsna əhəmiyyət daşıyır.
Bu barədə Teleqraf-a açıqlamasında gürcü politoloq Tengiz Txilava bildirib.
Onun sözlərinə görə, onilliklər boyu bərqərar olmuş dünya nizamının dəyişdiyi bir dövrdə yaşayırıq ki, bu proses maraqlı olduğu qədər də risklidir:
"Xüsusilə Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada bu amillər daha həssasdır. Strateji müttəfiq olan Azərbaycan və Gürcüstan hər zaman bir-birinə dayaq olub, bu qarşılıqlı dəstək hazırda da davam edir. Sözügedən tərəfdaşlıq təkcə tərəflər yox, bütün qonşu regionlar üçün böyük məna kəsb edir. Buna görə də, əlaqələrin gücləndirilməsi istiqamətində atılan hər addım müsbət qiymətləndirilməlidir".
Tərəfdaşlar arasında müəyyən fikir ayrılıqları və anlaşılmazlıqların hər zaman mümkün olduğunu deyən ekspert bu məsələlərin tənzimlənməsi üçün hələ onlar yarandığı ilk vaxtlardan lazımi tədbirlərin görüldüyünü vurğulayıb:
"Ümid edirik ki, irəli sürülən ehtimallar reallığı əks etdirir. Cəmi bir il əvvəl bölgədəki vəziyyətdə belə sıçrayış təsəvvür etmək olduqca çətin idi. Ermənistanın da nəhayət regional birliyə daxil olmağa başlaması, xarici və iqtisadi kursunu kənar diktələrlə deyil, qonşularla əməkdaşlıq çərçivəsində qurması yalnız alqışa layiqdir".
T. Txilava qeyd edib ki, mövcud şərait Cənubi Qafqazın hər üç dövlətinin tədricən regional birlik yaradacağına ümid verir:
"Bu birlik kənar müdaxilələrə qarşı etibarlı sipər rolunu oynaya bilər. Şübhəsiz ki, Orta Dəhlizin inkişafında həm regional, həm də regionlararası səviyyədə zəngin əməkdaşlıq təcrübəsi olan Azərbaycan və Gürcüstanın rolu əvəzsizdir. Onilliklər boyu gərginlik mənbəyi olan regionumuzun, hazırda müharibə və münaqişələrlə əhatə olunmasına rəğmən, sülh şəraitində olması kiməsə qəribə gələ bilər. Məhz bu fakt gələcəyə inam yaradır. Perspektivlərə gəlincə, yeni və bəzən gözlənilməz imkanlar mütləq yaranacaq".