BAKI, 5 mart. TELEQRAF
Bakıda Bolqarıstanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilib.
Teleqraf xəbər verir ki, tədbirin açılışında Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanov salamlama nitqi ilə çıxış edib.
Səfir bildirib ki, hər bir millətin tarixində onun taleyini əsrlər boyu dəyişdirən xüsusi günlər var:
“1878-ci il martın 3-də Bolqarıstan yenidən öz azadlığına qovuşaraq suveren, müstəqil və demokratik dövlət kimi inkişaf yoluna qədəm qoydu. Ötən 13 əsrdən artıq müddətdə Bolqarıstan öz adını, milli kimliyini, ruhunu və gələcəyə inamını qoruyub saxlamağı bacarıb”.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atıldığını bildirib.
Nazir qeyd edib ki, iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi məqsədilə 2024-cü ildə imzalanmış birgə bəyannamə mövcud əməkdaşlığın genişləndirilməsini və yeni istiqamətlərin müəyyənləşdirilməsini nəzərdə tutur.
Onun sözlərinə görə, indiyədək iki ölkə arasında müqavilə-hüquq bazası çərçivəsində 69 sənəd imzalanıb, hazırda isə 8 saziş layihəsi baxılmaqdadır.
“Bu sənədlərin yaxın gələcəkdə imzalanması ikitərəfli əməkdaşlığın daha da dərinləşməsi üçün yeni imkanlar yaradacaq”.
Məcnun Məmmədov, həmçinin bu il Veliko Tırnovo şəhərində “Şuşa” parkının yaradılması ilə bağlı hökumətlərarası sazişin imzalanmasını məmnunluqla qeyd edib:
“Hər bir tərəf bu istiqamətdə üzərinə götürdüyü öhdəlikləri məsuliyyətlə yerinə yetirəcək”.