BAKI, 27 fevral. TELEQRAF
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bu həftə Britaniya Parlamentinin İcmalar Palatasında keçirilmiş dinləmələrlə bağlı daxil olan çoxsaylı sorğulara cavab olaraq məlumat yayıb.
Teleqraf xəbər verir ki, səfirlik məsələyə olan yüksək marağı nəzərə alaraq, ölkədə qərarların qəbul edilməsi sisteminin işləmə mexanizmini aydınlaşdırmağı vacib hesab edib.
Bildirilib ki, Böyük Britaniyanın Bakıdakı səfirliyi Əlahəzrət Kral III Çarlzın Hökumətini təmsil edir və hökumətin xarici siyasət mövqeyini ifadə edir:
"Britaniya Parlamenti konstitusiya sistemində ayrıca və müstəqil hakimiyyət qoludur və səfirlik parlamentin adından çıxış etmir. Parlament hökumətdən müstəqil fəaliyyət göstərir. Onun dinləmələri, müzakirələri və araşdırmaları hökumətin rəsmi siyasətini deyil, ayrı-ayrı deputatların və ya parlament komitələrinin mövqelərini əks etdirir. Bu səbəbdən səfirlik parlament proseslərinin məzmunu və ya gedişatı ilə bağlı şərh verməyi məqsədəuyğun hesab etmir və bütün sorğuların birbaşa Britaniya Parlamentinə (www.parliament.uk) yönləndirilməsini tövsiyə edir".
Sonda Böyük Britaniyanın Cənubi Qafqaz regionu üzrə mövqeyinin aydın və dəyişməz olduğu diqqətə çatdırılıb: "Biz Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasını davamlı və dayanıqlı sülhə aparan yeganə yol kimi dəstəkləyirik".